Son vaxtlar Rusiyanın parçalanacağı fikri yenidən gündəmə gətirilir. Bildirilir ki, Ukrayna müharibəsi fonunda yaranmış iqtisadi durum ölkənin parçalanma prosesinin başlanğıcıdır.
Bu barədə müxtəlif qərb ölkələrinin şərhçiləri, siyasi fəalları xüsusilə X sosial şəbəkəsində xəritələr yayırlar. Nümunə kimi də SSRİ-nin parçalanmasını göstərirlər.
Doğrudanmı proses Rusiyanın parçalanmasına gedir? Belə bir ssenaridə hansı dövlətlər yarana bilər? Bəs regionumuzu yaxşı və pis nə gözləyir?
Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, Rusiyanın parçalanması məsələsinin yenidən beynəlxalq siyasi müzakirələr mərkəzində olması təsadüfi deyil:
“Ukrayna müharibəsi, Qərbin sanksiyaları, hərbi xərclərin artması, iqtisadi durğunluq və regionlar arasında dərinləşən sosial-iqtisadi bərabərsizliklər Rusiya dövlətinin gələcək dayanıqlılığı ilə bağlı sualları ciddi şəkildə artırır. Xüsusilə də Qərb siyasi dairələrində və sosial şəbəkələrdə yayılan xəritələr bu müzakirələri daha da aktuallaşdırır. Lakin Rusiyanın yaxın perspektivdə parçalanmasının qaçılmaz proses olduğunu hələlik düşünmürəm. Çünki SSRİ ilə müasir Rusiya arasında ciddi siyasi və institusional fərqlər var. SSRİ-nin tərkibində formal da olsa, müstəqillik atributlarına malik ittifaq respublikaları mövcud idi. Rusiyada isə hakimiyyət sistemi daha mərkəzləşdirilmiş, regional idarəetmə isə birbaşa Kremlə bağlıdır.
Buna baxmayaraq, Rusiyanın zəif nöqtələri kifayət qədər çoxdur. Xüsusilə Tatarıstan, Başqırdıstan, Çeçenistan, Dağıstan, Saxa (Yakutiya), Buryatiya kimi milli respublikalarda mərkəzi hakimiyyətə münasibət gələcəkdə dəyişə bilər. Çeçenistan və Şimali Qafqazda separatizm tarixinin mövcudluğu, milli kimlik məsələləri və resursların bölgüsü ətrafında narazılıqlar potensial risklərdir. Belə bir ssenaridə Tatarıstan, Başqırdıstan, Çeçenistan və Saxa kimi ərazilərin müstəqillik iddiaları gündəmə gələ bilər. Lakin bunların hər hansı birinin müstəqil dövlətə çevriləcəyini indidən söyləmək siyasi proqnozdan daha çox fərziyyə olar”.

Politoloq bildirib ki, əsas təhlükə Rusiyanın iqtisadi baxımdan zəifləməsindən daha çox, mərkəzi hakimiyyətin siyasi nəzarəti itirməsi ehtimalıdır:
“Həm də Prezident Vladimir Putin hakimiyyətinin dəyişməsi, elita daxilində parçalanma və hərbi məğlubiyyət belə bir prosesi sürətləndirə bilər. 2025-ci ildə Rusiya regionlarının ümumi büdcə kəsirinin rekord həddə çatması da mərkəz-region münasibətlərindəki iqtisadi gərginliyin göstəricisidir.
Bu prosesin Azərbaycan və bütövlükdə region üçün həm müsbət, həm də təhlükəli tərəfləri var. Müsbət tərəfi Rusiyanın Cənubi Qafqaz üzərində siyasi və hərbi təsir imkanlarının zəifləməsi, Azərbaycanın geosiyasi manevr imkanlarının genişlənməsi və Orta Dəhlizin əhəmiyyətinin artması, mənfi tərəfi isə Rusiyada mümkün xaos, nüvə silahlarına nəzarət problemi, Şimali Qafqazda təhlükəsizlik böhranı, qaçqın axını və yeni regional münaqişələrdir.
Bəli, Rusiyanın parçalanması bu gün real siyasi müzakirə mövzusudur, lakin yaxın gələcəyin qaçılmaz nəticəsi deyil. Azərbaycan bu ehtimalı nə arzulanan hadisə, nə də uzaq və əhəmiyyətsiz ssenari kimi dəyərləndirməlidir. Bütün bunlara paralel olaraq, mümkün geosiyasi dəyişikliklərə hazır olmaq, güclü dövlət institutları qurmaq və milli təhlükəsizlik maraqlarını hər bir ssenaridə qorumaq vacibdir.
İsveç Xarici Siyasət İnstitutunun Rusiyanın parçalanması perspektivləri barədə araşdırması və Polşanın Şərq Araşdırmaları Mərkəzinin 2026-cı il hesabatı və Karnegi Fondunun təhlili bütün bunlara əsas gətirmək üçün maraqlı mənbələrdir”.