Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) dünən Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda 3,9 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, AFAD-ın Zəlzələlər Departamentinin məlumatına görə, yeraltı təkanlar saat 22:15-də qeydə alınıb. Zəlzələ 13,03 kilometr dərinlikdə baş verib və Ayvacık rayonu ilə yanaşı, ətraf ərazilərdə də hiss olunub.
Zəlzələdən sonra yer elmləri üzrə mütəxəssis, professor Naci Görür sosial media hesabında açıqlama yayıb. O bildirib ki, zəlzələ Kiçükkuyu fay xətti üzərində baş verib və dayaz ocaqlı, kiçik güclü zəlzələ olub.
Naci Görür Şimali Anadolu fay xəttinin cənub qoluna diqqət çəkərək, "Bu zona göstərir ki, Mərmərə bölgəsi gərginləşir", - deyə qeyd edib.
Professor mümkün Mərmərə zəlzələsi ilə bağlı əvvəlki xəbərdarlığını da təkrarlayaraq "Biz böyük zəlzələni yaxın zamanda fay xəttinin şimal qolunda gözləyirik",- deyə bildirib. /Cebheinfo.az/