"Muğan bölgəsində kooperativ təsərrüfatlarının yaradılmasına dəstək" layihəsi çərçivəsində seminar keçirilib


23 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Muğan Düzü" Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Muğan bölgəsində kooperativ təsərrüfatlarının yaradılmasına dəstək" layihəsi çərçivəsində Saatlı rayonunun Varxankənd kəndində maarifləndirici seminar keçirilib.

QHT.az xəbər verir ki, seminarda 20 nəfər pay torpaq sahibi iştirak edib. Layihə rəhbəri Vidadi Quliyev layihənin məqsədi barədə məlumat verərək bildirib ki, əsas məqsəd kiçik pay torpaq sahiblərinin könüllü əsaslarla kooperativ və ailə kəndli-fermer təsərrüfatlarında birləşməsini təşviq etməkdir.

Layihənin eksperti A.Adilov qeyd edib ki, torpaqların səmərəli becərilməsi, aqrokimyəvi analizlərin aparılması, düzgün toxum seçimi, müasir suvarma texnologiyalarından istifadə və məhsulun bazara çıxarılması kooperativ təsərrüfatlarında daha səmərəli həyata keçirilir. O, Zəngilan rayonunun Ağalı kəndində yaradılmış kooperativ təsərrüfatını uğurlu nümunə kimi iştirakçıların diqqətinə çatdırıb.

Müzakirələr zamanı iştirakçılar tərəfindən kənddə kooperativ təsərrüfatla bağlı Resurs Mərkəzinin yaradılması təklif olunub. Bildirilib ki, layihə çərçivəsində səsləndirilən rəy və təkliflər Saatlı DAİM-də keçiriləcək dəyirmi masada müzakirə ediləcək.

Sonda iştirakçılar layihəyə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürlərini bildiriblər.


MANŞET XƏBƏRLƏRİ