Kreml Rusiya Prezidenti Vladimir Putinin Rusiya Hərbi Dəniz Qüvvələrinə Rusiya gəmilərini ələ keçirmək cəhdlərinə qarşı qəti cavab tədbirləri görməyi tapşırdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Sankt-Peterburqda hərbi rəhbərliklə görüş keçirib. Görüşdə Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Moiseyev və donanma komandirləri Putinə mövcud əməliyyat vəziyyəti və yerinə yetirilən tapşırıqlar barədə məruzə ediblər.
Putin çıxışı zamanı ticarət gəmiləri də daxil olmaqla, Rusiya donanmasına qarşı yönəlmiş təhdidlərə diqqət çəkib. O, Hərbi Dəniz Qüvvələrinə Rusiya gəmilərini ələ keçirmək cəhdlərinin qarşısının alınması və belə hallara operativ cavab verilməsi barədə göstəriş verib.
Rusiya Prezidenti bildirib ki, bu cür piratçılıq cəhdələrinə qarşı beynəlxalq dəniz hüququ çərçivəsində qətiyyətli mübarizə aparılmalıdır. O, görüləcək cavab tədbirlərinin effektiv olacağına inandığını da vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az