Söküləcək evlərə görə kompensasiya: Məbləğ necə hesablansın?


Xəbər verdiymiz kimi, Bakının Nərimanov rayonunda yol tikintisinə görə bir sıra fərdi evlər söküləcək.

Söküntü işləri “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini əlaqələndirən yeni yolun inşası ilə bağlıdır.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, plana düşən evlərin hər kvadratmetrinə görə 2 500-3000 manat arasında kompensasiya ödənilməsi planlaşdırılır.

Qeyd edək ki, paytaxtda müxtəlif səbəblərlə bağlı həyata keçirilən söküntülər zamanı mənzil sahiblərinə ödənilən kompensasiyanın məbləği heç də sakinlər tərəfindən birmənalı qarşılanmır.

Hazırda adıçəkilən ərazidə vətəndaşlara ödənilməsi nəzərdə tutulan kompensasiya məbləği hazırkı bazar qiymətlərinə uyğundurmu?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kompensasiya məbləği üç metodla müəyyənləşir:

“Birincisi, Nazirlər Kabineti yanında müvafiq komissiya tərəfindən müəyyən olunur. İkincisi, əgər hər hansı bir yerdə bina tikilirsə, investorlarla bina sakinləri arasında qarşılıqlı razılaşma əsasında kompensasiya məbləği təyin olunur. Üçüncüsü, müvafiq icra qurumu tərəfindən elan edilmiş satınalmada qalib gələn qiymətləndirmə şirkəti tərəfindən həmin məbləğin hesablanması həyata keçirilir.

Hazırda Nərimanov ərazisində adıçəkilən sahədə yolun genişləndirilməsi olduğuna görə, burada investor tərəfindən bu məsələlər həll olunmayacaq. Burada ancaq iki variant qalır. Ya müvafiq qurum qiymətləndirmə şirkətinə sifariş verərək bu məsələni həll edəcək. Ya da Nazirlər Kabineti yanında müvafiq komissiya bunu müəyyən edəcək.

Komissiyanın fəaliyyəti əsasən, Yasamal rayon ərazisi ilə məhdudlaşdığına görə, düşünürəm ki, Nərmanov rayon ərazisində yol çəkilişi ilə əlaqədar söküntü işləri zamanı söküntüyə düşmüş evlərin dəyərinin müəyyənləşməsi, kompensasiya hesablanması məhz qiymətləndirici şirkətlər tərəfindən həyata keçiriləcək.

Satınalma nəticəsində qalib gələn şirkət bunu reallaşdıracaq. Ödənişlə bağlı məbləğə gəldikdə isə 2 500-3000 manat olması həmin evlərin harada yerləşməsindən asılıdır.

Yəqin ki, həmin evlərə fərdi yanaşma tətbiq olunacaq. Ödənişin məbləği həmin ərazidə yerləşən evlərin söküntüsü zamanı mənzil sahibinə verimiş məbləğlə üst-üstə düşür.

Fərdi yaşayış evləri daha az kompensasiya məbləği ilə təmin olunur. Evlərin mərkəzdə olması, torpaq sahənin olması da məsələyə birbaşa təsir göstərəcək. Bununla bağlı qiymətləndiricilər hesabladıqdan sonra fikir bildirmək olar”.


MANŞET XƏBƏRLƏRİ