Bayramqabağı yumurta da BAHALAŞACAQ?


Ölkəmizdə ən çox istehlak olunan ərzaq məhsullarından biri yumurtadır. Son monitorinqlərə görə, hazırda marketlərdə fabrik yumurtasının 10 ədədi 2,55 - 2,80 manat, yəni ədədi təxminən 25-28 qəpik, kənd yumurtasının 10 ədədi isə 3,35 - 5,00 manat, yəni ədədi 33-50 qəpik arasında dəyişir. Kənd yumurtasının qiyməti isə 40-60 qəpik aralığındadır.

Maraqlıdır ki, fabrik və kənd yumurtası arasında qiymət fərqi niyə bu qədər böyükdür? Yeni il ərəfəsində yumurta daha da bahalaşa bilərmi?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, fabrik və kənd yumurtası arasındakı qiymət fərqi, ilk növbədə, istehsal və satış xərcləri ilə bağlıdır:

"Fabrik yumurtası iri quşçuluq təsərrüfatlarında sənaye üsulu ilə, böyük həcmdə istehsal olunur. Bu, hər bir yumurtaya düşən xərcin azalmasına imkan verir. Kənd yumurtasının istehsalı isə əsasən kiçik təsərrüfatlarda və fərdi qaydada həyata keçirilir. Quşların saxlanılması, yemlənməsi, qulluq və daşınma xərcləri məhsulun maya dəyərinə təsir göstərir. Bundan başqa, kənd yumurtasının bazara çıxarılan həcmi fabrik yumurtası ilə müqayisədə azdır. Təklifin məhdud olması da qiymətin yüksək formalaşmasına səbəb olur. Burada istehlakçı tələbatı və məhsulun bazardakı təqdimatı da rol oynayır".

Akif Nəsirli: "Bayram süfrələri və şirniyyat istehsalı yumurtaya olan ehtiyacı artıra bilər"

Müsahibimiz qeyd edib ki, bir çox alıcı kənd yumurtasını daha təbii və keyfiyyətli hesab etdiyi üçün onun baha olmasına baxmayaraq, almağa üstünlük verir. Bu isə həmin məhsula əlavə qiymət üstünlüyü yaradır.

"Nəzərə almaq lazımdır ki, yumurtanın kənd və ya fabrik üsulu ilə istehsal olunması onun avtomatik olaraq daha keyfiyyətli və ya faydalı olması demək deyil. Keyfiyyət əsasən quşların yemlənməsindən, saxlanma şəraitindən və sanitar normalara əməl olunmasından asılıdır", - deyə sədr vurğulayıb.

Yeni il ərəfəsində yumurta qiymətlərinə gəlincə A.Nəsirli hesab edir ki, bu dövrdə tələbatın müəyyən qədər artması mümkündür:

"Bayram süfrələri və şirniyyat istehsalı yumurtaya olan ehtiyacı artıra bilər. Lakin qiymət artımını qaçılmaz hesab etmək düzgün olmaz. Çünki bazarda qiymət yalnız tələbatdan deyil, istehsal həcmi, yem xərcləri, idxal imkanları və satış kanallarından da asılıdır. Əgər yerli istehsal tələbatı qarşılaya bilsə və təchizatda problem yaranmasa, ciddi bahalaşma üçün əsas məhdud olar. Buna görə də yeni il ərəfəsində kəskin qiymət artımından daha çox, tələbatın yüksəlməsi ilə əlaqədar müəyyən mövsümi dəyişikliklər gözləmək mümkündür".


MANŞET XƏBƏRLƏRİ