Payız və qış aylarında uşaqlar arasında tez-tez görülən qrip, düzgün müalicə edilmədikdə ciddi problemlərə səbəb ola bilər
Turkustan.az xəbər verir ki, immun sistemi zəif olan uşaqlar xəstəliyi daha ağır keçirə bilər. Uşaqlarda adətən yüngül keçən viral xəstəlik olan qrip birdən başlayan hərarət, burun axıntısı, boğaz və əzələ ağrıları kimi əlamətlərlə özünü göstərir.
Qrip nədir?
Viral infeksiya olan qrip (influenza), ağciyərlərdəki hava yollarına mənfi təsir göstərə bilən və yüksək yoluxucu xüsusiyyətə malik bir xəstəlikdir. Mövsüm keçidlərində öskürək ilə başlayır və yüksək hərarət, halsızlıq, oynaq ağrıları kimi əlamətlərlə özünü göstərir.
Havalar soyuduqca yayılan qrip, uşaqlarda adətən bir həftədən qısa müddətdə keçir. İmmuniteti zəif olan uşaqlarda isə xəstəlik ağır gediş ala bilər və xəstəxana şəraitində müalicəyə qədər gedə bilər. Bu uşaqlarda qrip, ağciyər infeksiyasına, yəni pnevmoniyaya səbəb ola bilər.
Qrip virusları və yayılması
Payız aylarında ən çox görülən xəstəliklərə səbəb olan A və B tip qrip viruslarıdır. Bu iki virus daha çox insanı təsir edir və xüsusilə xroniki xəstəliyi olan uşaqların müalicəsi xəstəxanada aparılmalıdır.
Qrip virusunun bu gün də təsirli olmasının əsas səbəbi isə virusların tez-tez mutasiya olunmasıdır. Bu isə insanların hər il yeni bir virus növü səbəbindən xəstələnməsi deməkdir.
Uşaqlara qrip virusu öskürək və asqırmaq nəticəsində nəfəs yolu ilə ötürülür. Virus adətən yaxın təmas yolu ilə məktəb və uşaq bağçası kimi qapalı mühitlərdə yayılır. Virus uşaqlardan uşaqlara, həmçinin qapı qolları, oyuncaqlar və qələm kimi səthlər üzərindən keçə bilər.
Uşaqlar yoluxmuş bir şəxsin toxunduğu səthə toxunaraq sonra əllərini ağızlarına, burunlarına və gözlərinə aparmaqla qrip virusunu qəbul edə bilər. Başqalarını yoluxdurma riski adətən xəstəliyin 5–7-ci günlərində yüksək olur. Yoluxmanın ən yüksək səviyyədə olduğu dövr isə əlamətlər başlamazdan əvvəlki ilk 24 saatdır.
Uşaqlarda qrip əlamətləri
Uşaqlarda qrip əsasən tənəffüs yolu xəstəliyi kimi başlayır. Zamanla bütün bədəni təsir edən virus aşağıdakı əlamətlərlə özünü göstərir:
39–40 dərəcə arasında yüksək hərarət
Güclü bədən ağrıları
Baş və boğaz ağrısı ilə birlikdə halsızlıq
Burun axıntısı və tıxanması ilə başlayan öskürək
Bulantı, qusma və artan ishal
Xüsusilə 5 yaşdan kiçik, xroniki sağlamlıq problemləri olan uşaqlarda qrip ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu uşaqlar yüksək risk qrupuna aid olduğundan, qripin qarşısını almaq, qrip ilə əlaqəli xəstəliklərdən qorumaq və həyati riskləri azaltmaq üçün mövsümi qrip vaksini tətbiqi vacibdir.
Qripin yaratdığı komplikasiyalar
Bu yaş qrupunda qripdən qaynaqlanan komplikasiyalar aşağıdakılar ola bilər:
Pnevmoniya - Ağciyərlərin infeksiyadan təsirlənməsi nəticəsində təhlükəli vəziyyət yarana bilər.
Dehidratasiya - Xəstəlik səbəbindən bədənin çoxlu maye və duz itirməsi vəziyyəti ağırlaşdıra bilər.
Ürək xəstəliyi və ya astma kimi uzunmüddətli xəstəliklərin davam etməsi təhlükəli ola bilər.
Sinus və qulaq infeksiyaları - Sağlamlıqla bağlı digər problemlərin başlanmasına səbəb ola bilər. /Qaynarinfo/