Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün elan olunmuş qrant müsabiqəsinin nəticələri elan edilib.
Açıqlanan nəticələrə əsasən, ümumilikdə 54 qeyri-hökumət təşkilatı (QHT) qalib elan edilib. Lakin qalib QHT-lərə ayrılan qrant vəsaitlərinin məbləği açıqlanmayıb.
Bu hal diqqət çəkir. Belə ki, bir sıra digər dövlət qurumları, o cümlədən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən qrant müsabiqələrinin nəticələri elan edilərkən, qalib təşkilatlara ayrılan maliyyə vəsaitlərinin məbləği ictimaiyyətə açıqlanır.
Turkustan.az olaraq Mədəniyyət Nazirliyinin keçirdiyi qrant müsabiqəsində ayrılan vəsaitlərin məbləğinin göstərilməməsinin səbəbini öyrənmək məqsədilə Nazirliyin mətbuat xidmətinə rəsmi sorğu ünvanladıq.
Nazirliyin mətbuat xidmətindən sorğumuza yazılı formada formal cavab təqdim edildi:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli qərarı ilə təsdiq edilmiş Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydasının 2.11.-ci bəndinə əsasən müsabiqə qaliblərinin siyahısı Nazirliyin rəsmi internet səhifəsində dərc edilir və onlara müqavilələrinin bağlanılması üçün 5 (beş) gün müddətində yazılı dəvət göndərilir. Qeyd edək ki, qaliblərlə artıq əlaqə saxlanılıb və qrant müqavilələrin bağlanması prosesi davam etməkdədir.
Nəticə etibarıilə 2025-ci il üzrə Mədəniyyət Nazirliyinin qrant müsabiqəsində ayrılmış maliyyə vəsaitlərinin məbləği sual altında qalmaqda davam edir.
Aytən Yaşar/Turkustan.az