Bakıda bu məktəblərə ödənən pulla ev almaq olar – Dəhşətli soyğunçuluq


Azərbaycanda orta təhsil üzrə 34 özəl məktəb fəaliyyət göstərir ki, orada illik təhsil haqqı minimum 5500, maksimum 50 min manat təşkil edir.

Bununla bağlı Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban məlumat yayıb.

Sitat: “Hazırda Bakıda orta təhsil üzrə 34 özəl məktəb fəaliyyət göstərir. Bu məktəblərdən aşağı məbləğdə olanının illik təhsil haqqı 5500 manatdır. Böyük əksəriyyətində illik təhsil haqqı 8-14 min manat arası dəyişir. İllik təhsil haqqı 21-23 min manat olan 3 orta məktəb də var. Amma ən bahalıları deyil. Azərbaycan Beynəlxalq Məktəbində (“TISA International School of Azerbaijan”) yuxarı siniflərdə təhsilin illik xərci 45-50 min manata qədər artır”.

İlham Şaban

Ortaya bir neçə sual çıxır: Belə bahalı orta məktəblər şagirdlərə nə kimi qeyri-adi təhsil verir? Bu məktəbləri bitirən şagirdlər dünyanın hansı nüfuzlu universitetlərinə daxil olurlar? Nəzərə alsaq ki, universitetlərdə yüksək təhsil yoxdur və Azərbaycan universitetləri heç ilk 100-lükdə də deyillər, bəs bu qədər ödəniş nə üçündür? Nəhayət, bahalı orta məktəbin illik təhsil qiyməti necə müəyyən edilir?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədovun fikrincə, ali məktəblərdə olduğu kimi, orta məktəblərdə də təhsil haqqının qiyməti tənzimlənməlidir.

C.Məmmədov deyib ki, orta məktəblərdə ödənişin adını “özəl iqtisadiyyat” qoyub, soyğunçuluqla məşğul olmağın heç bir əsası və məntiqi yoxdur:“Doğrudan da illik 40-50 min manat təhsil haqqı çox yüksəkdir. Buna səbəb odur ki, bəzi məktəblərdə təhsilin keyfiyyəti aşağı səviyyədə olduğu üçün valideynlər övladlarını ödənişli məktəbə göndərirlər. Tələbat da artdıqca həmin məktəblər təhsil haqqını bu dərəcədə qaldırıblar. Çıxış yolu isə ondan ibarətdir ki, biz dövlət məktəblərində təhsilin keyfiyyətini və məzmununu artırmalıyıq”.

Ceyhun Məmmədov dövlətin təhsilə kifayət qədər pul ayırdığını bildirib:

Ceyhun Məmmədov

“Dövlət hər il orta təhsilə 2 milyard manat pul xərcləyir. Buna paralel olaraq da özəl məktəblər belə yüksək təhsil haqqı təyin edirlər. Bu da haqlı olaraq sualların yaranmasına gətirib çıxarır. İllik 50 min təhsil haqqı alan məktəbin neçə şagirdinin, məzununun olması, neçəsinin nüfuzlu universitetə qəbul olunması haqda ortada heç bir statistika yoxdur. Buna səbəb də valideynlərdə düşüncə yaranıb ki, özəl məktəblər daha yaxşıdır, daha yaxşı təhsil verir və s. Ona görə də, bu gün belə vəziyyətlə üzləşirik”.

C.Məmmədob deyib ki, bu barədə artıq ciddi düşünmək lazımdır:

“Bununla bağlı müəyyən bir tənzimlənmənin həyata keçirilməsi məqsədə uyğundur. Heç ali təhsil müəssisələrində 20-30 min illik təhsil haqqı yoxdur. Bu qədər yüksək məbləğ haradan çıxır? Bunun bir standartı, qaydası və norması olmalıdır. Artıq məsələ həllini tapmalıdır ki, vəziyyət bu həddə olmasın. Əslində, bu, çox ciddi, düşündürücü və narahatlıq doğuran bir məsələdir”.


MANŞET XƏBƏRLƏRİ