Universitetdə təhsil alan əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə" adlı layihənin icrası davam edir. Layihə çərçivəsində növbəti tədbir Odlar Yurdu Universitetində keçirilib.
Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor Fəxrəddin Məmmədov əvvəlcə təmsil etdiyi ali təhsil müəssisəsində tələbələr üçün yaradılan şəraitdən danışıb, görülən işlərdən, tətbiq edilən yeniliklərdən söz açıb. F.Məmmədov Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb.
Layihə rəhbəri, DMX yanında İctimai Şuranın üzvü Vidadi Fətullayev bildirib ki, Azərbaycan universitetlərinə təhsil almaq üçün gələn xarici ölkə vətəndaşlarının sayı ilbəil artır. O, bunu ali məktəblərin və aidiyyatı dövlət qurumlarının birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. V.Fətullayev həmçinin əcnəbi tələbələrin ölkəmizdə tibbi xidmətlərdən istifadə imkanları barədə ətraflı məlumt verib, tədbirin keçirilməsinə dəstək olan Dövlət Miqrasiya Xidməti, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Odlar Yurdu Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildirib.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova mövcud miqrasiya qaydaları və hüquqpozmalar barədə tədbir iştirakçılarını məlumatlandırıb, əcnəbi ölkə vətəndaşlarını qanunlara riayət etməyə səsləyib.
Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Xəyalə İsmayılova, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin inspektoru Müşfiq Ramazanov və Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran sualları cavablandırıb, geniş və əhatəli izahatlar veriblər.

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ