Azərbaycan yəhudiləri – Onlar kimdir?


Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycanda mövcud olan ənənəvi dinlərdən biri yəhudilikdir.

Yəhudilər ölkəmizdə üç subetnik qrupla (yaxud icma) təmsil olunub: dağ yəhudiləri, aşkenazilər (Avropa yəhudiləri) və gürcü yəhudiləri.

Dağ yəhudiləri Azərbaycanda ilk məskunlaşan yəhudi subetnik qrupudur. Eyni zamanda, onlar saylarına görə ölkəmizdə yaşayan digər yəhudi qrupları üstələyirlər. Dağ yəhudiləri özlərini “cuhur” adlandırırlar. Geniş yayılmış fikrə görə, XIX əsrin birinci yarısında Qafqazı istila edən ruslar onları “dağ yəhudiləri” adlandırıblar.

Belə ki, rus qoşunlarının əsgərləri Qafqazın dağlıq ərazilərində at belində və yapıncı geyinmiş yəhudiləri görəndə böyük təəccüb keçirmiş və onlara “dağ yəhudiləri” adını vermişlər. Ehtimal olunur ki, dağ yəhudilərinin əcdadları V-VI əsrlərdə Sasanilər imperiyası dövründə İran və İkiçayarasından (Mesopotamiya) köçərək Şərqi Qafqazda, o cümlədən Şimali Azərbaycan torpaqlarında məskunlaşmışlar.

Dağ yəhudiləri subetnik qrupun formalaşması bununla bitməyib. Tədqiqatçılara görə, bu tarixi proses XIII əsrin ortalarınadək davam edib. Hətta Bizans imperiyasından gələn yəhudilər də dağ yəhudiləri icmasının formalaşmasında rol oynamışlar. Ölkəmizdəki dağ yəhudilərinin tarixindən danışarkən mütləq Quba rayonundakı Qırmızı Qəsəbəni qeyd etmək lazımdır. Çünki bu qəsəbə postsovet məkanda dağ yəhudilərinin kompakt halda yaşadığı yer hesab olunur. Qudyalçayın sol sahilində yerləşən Qırmızı Qəsəbə XVIII əsrdə Quba xanlığı dövründə salınıb. Əvvəllər “Yəhudi Qəsəbəsi” adlanan sözügedən yaşayış məntəqəsi hətta bir vaxtlar “Qafqazın Yerusəlimi” kimi də məşhurlaşmışdı.

Müasir Azərbaycandakı yəhudilərin vəziyyətinə gəlincə, qeyd etmək lazımdır ki, onlar, əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında yaşayırlar. Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub. 1920-ci ildən bəri isə, Şamaxı rayonunda demək olar ki Yəhudi ailəsi yoxdur.

Yəhudilərin yaşadığı yerlərdən biri də Göyçaydır. Yəhudilərin, Azərəbaycana köç etdiyi dövrlərdən bəri Göyçayda yerləşsələr də hazırda Göyçayda çox az Yəhudi ailəsi qalmaqdadır.

Yəhudilərin say baxımdan çoxluq olaraq yaşadıqları yerlərdən biridə Oğuz rayonudur. Hətta Oğuzda Cuhudlar məhəlləsi deyilən bir qəsəbə var. Həmin ərazidə Yəhudilərin 2 böyük Sinaqoqları var. Əvvəllər İsmayıllının Mücü - həftəran bölgəsində yəhudilər yaşayıb hətta bu gün orda bir yəhudi qəbirstanlığı mövcuddur.Bundan başqa yəhudilər Yevlax, Bərdə və Şirvan bölgəsində də məskunlaşmışlardı ama müəyyən müddət sonra müxtəlif səbəblərdəm artıq o bölgələrdə yəhudilər qalmyıb.

Azərbaycan yəhudiləri müstəqillik uğrunda mübarizədə, istiqlaliyyətin əldə edilməsi və möhkəmləndirilməsində Azərbaycan xalqı ilə birlikdə olub. Təsadüfi deyildir ki, 1990-cı il 20 yanvar faciəsinin şəhidləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsinin qəhrəmanları sırasında yəhudilərin də övladları vardır.

Azərbaycan yəhudiləri Respublikanın həyatının bütün sahələrində hərtərəfli təmsil olunur, Azərbaycanın dünya yəhudiliyi və İsrail dövləti ilə dostluq münasibətlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan dövlətinin yəhudilərə münasibətdə tarixən formalaşmış xeyirxah siyasəti də uğurla davam etdirilir. 2500 ildən çox yaşı olan Azərbaycan yəhudi diasporasının həyatiliyi bu vəhdətin sayəsində mümkün olub.

Beləliklə, müasir dövrdə Azərbaycanda yəhudilər antisemitizmdən uzaq, tolerant mühitdə yaşayırlar. Bu isə təsadüfi deyildir. Çünki bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss etmiş, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycan xalqı onlara yad münasibət göstərməmiş, əksinə, yəhudi mənşəli həmvətənlərimiz dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


MANŞET XƏBƏRLƏRİ