Milli Məclis buraxılır? – Mehdiyevçi deputatların sayı açıqlandı


Son günlər Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başlanan siyasi-hüquqi proseslər fonunda Azərbaycanda yeni parlament seçkilərinin keçirilə biləcəyi ilə bağlı mülahizələr səsləndirilir.

Bəs bu ehtimal hazırkı şəraitdə nə dərəcədə realdır? Milli Məclis hansı hallarda buraxıla bilər və bunun hüquqi mexanizmi nədən ibarətdir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ramiz Mehdiyev ətrafında baş verənlər prosesin getdikcə dərinləşdiyini və hadisələrin artıq müəyyən cavab dəyəri qazandığını göstərir.

O qeyd edib ki, ilkin mülahizələrə əsaslanaraq bəzi ehtimallar irəli sürülür:

“Belə iddialar var ki, Milli Məclisdə də Ramiz Mehdiyevə yaxın şəxslər az deyil. Bu səbəbdən parlamentin buraxılması ehtimalı istisna edilmir. Əlbəttə, bunlar hələlik yalnız fərziyyələrdir. Belə bir qərarın reallaşması üçün həm hüquqi, həm də siyasi baxımdan zəruri şərtlərin mövcud olması lazımdır. Milli Məclisin buraxılması ilə bağlı prosedurlar parlamentin nizamnaməsində və Konstitusiyanın 91-ci maddəsində əksini tapıb. Adətən, bu proses iki istiqamətdə başlaya bilər: ya Milli Məclisin öz təşəbbüsü ilə, ya da Prezidentin təşəbbüsü əsasında. 91-ci maddəyə əsasən, Milli Məclisin özünü buraxması ilə bağlı təşəbbüs irəli sürülə, məsələ müzakirəyə çıxarıla və buna uyğun qərar qəbul oluna bilər. Eyni zamanda, Prezidentin siyasi təşəbbüsü ilə də prosesin başlaması mümkündür”.

Oqtay Qasımovun sözlərinə görə, parlamentin buraxılmasına səbəb ola biləcək hallar həm siyasi, həm də prosedur xarakterli ola bilər:

oqtay qasimov 5

“Məsələn, ölkədə yeni siyasi vəziyyət yarandıqda və bu şərait prezidentin təşəbbüsünü zəruri etdikdə, yaxud Milli Məclislə icra hakimiyyəti arasında fikir ayrılıqları və ziddiyyətlər ortaya çıxdıqda proses gündəmə gələ bilər. Eyni zamanda, Milli Məclis Nazirlər Kabinetinin tərkibini iki dəfə təsdiqləməkdən imtina edərsə, bu da parlamentin buraxılması üçün hüquqi əsas yaradır. Digər tərəfdən, əgər Milli Məclis prezidentin təqdim etdiyi məhkəmə, Konstitusiya Məhkəməsi və Mərkəzi Bank İdarə Heyətinin tərkibi ilə bağlı namizədləri iki dəfə ardıcıl olaraq təsdiqləməzsə, bu da parlamentin buraxılması üçün əsas ola bilər”.

Politoloq qeyd edib ki, hazırkı mərhələdə bu istiqamətdə səslənən fikirlər hələlik yalnız ehtimallar səviyyəsindədir:

“İstintaq prosesi dərindən araşdırıldıqca yeni məqamların üzə çıxması mümkündür. Əgər araşdırmalar nəticəsində belə bir addımın zəruri olduğu qənaətinə gəlinərsə, o zaman parlamentin buraxılması məsələsi real müzakirə predmetinə çevrilə bilər. Hazırda isə səslənən bütün fikirlər sadəcə iddia xarakteri daşıyır”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, son zamanlar Ramiz Mehdiyev və onun ətrafı haqqında mətbuatda kifayət qədər məlumatlar yayılıb:

“Yayılan informasiyalarda onun fəaliyyəti dövründə və sonrakı mərhələlərdə qanuna və hüquqa zidd addımlar atdığı barədə iddialar yer alır. Bu barədə dəqiq rəy bildirmək üçün ilk növbədə dövlətin müvafiq qurumlarının mövqeyini gözləmək vacibdir. Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə barəsində yayılan məlumatlar göstərir ki, o, bəzən qanun və hüquq normalarına zidd göstərişlər verib, bu göstərişləri isə müxtəlif vəzifələrdə olan şəxslər yerinə yetiriblər. Əgər məlumatlar həqiqəti əks etdirirsə, həmin şəxslərin hələ də dövlət strukturlarında, o cümlədən parlamentdə təmsil olunması həm qanunsuz, həm də təhlükəlidir. Çünki bu, təkcə dövlət idarəçiliyinə etimadı zədələməz, həm də ədalət prinsipinə zidd olar. Parlamentlə bağlı səslənən iddialar da maraqlıdır. Bildirilir ki, bəzi deputatlar Ramiz Mehdiyevin birbaşa dəstəyi və göstərişi ilə seçilib, yaxud onun maraqlarına uyğun fəaliyyət göstəriblər. Bu məlumatlar təsdiqini taparsa, həmin şəxslərin dövlət orqanlarında təmsilçiliyi istisna edilməlidir. Onların məsuliyyətə cəlb olunmaması ədalətsiz və təhlükəli presedent yaradardı”.

Parlamentin buraxılması məsələsinə gəlincə, Xəyal Bəşirov deyib ki, bu addım yalnız dövlətin rəsmi mövqeyindən sonra dəyərləndirilə bilər:

Xeyal besirov 900x521 1

“Əgər Mehdiyevin təsiri ilə formalaşmış deputat qrupu doğrudan da mövcuddursa və bu, kütləvi xarakter daşıyırsa, onların fəaliyyətinə son qoyulması Konstitusiya baxımından parlamentin buraxılmasına səbəb ola bilər. Konstitusiyaya əsasən, Milli Məclisin fəaliyyətə başlaması üçün ən azı 83 deputatın səlahiyyəti təsdiqlənməlidir. Hazırda parlamentdə 125 deputat var. Əgər müəyyən sayda deputatın səlahiyyətlərinə xitam verilsə və nəticədə bu say 83-dən az olsa, parlamentin fəaliyyəti mümkünsüz hala gələcək. Çünki bir çox qanunların qəbul edilməsi üçün 83 səs çoxluğu tələb olunur. Belə vəziyyətdə yeni seçkilərin keçirilməsi qaçılmaz olacaq. Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası müstəqillik dövrünün yeganə əsas qanunudur. O, 2002, 2013 və 2016-cı illərdə referendum yolu ilə dəyişikliklərə məruz qalıb”.

X.Bəşirov 2016-cı ildə edilən dəyişikliklərlə prezidentə parlamenti buraxmaq səlahiyyəti verildiyini açıqlayıb:

“Bu səlahiyyətə əsasən, aşağıdakı hallarda prezident parlamenti buraxa bilər:

1) Parlament il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərəndə;

2) Parlament Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bank İdarə Heyətinə təqdim olunan namizədləri təsdiqləmədikdə;

3) Parlament prezidentin təqdim etdiyi qanun layihələrinə müəyyən olunmuş müddətdə baxmadıqda.

Bu hallar Konstitusiyada parlamentin buraxılmasını əsaslandıra biləcək hüquqi səbəblər kimi göstərilib”.

Müsahibimiz bildirib ki, hazırda Ramiz Mehdiyev ətrafında gedən proseslər fonunda parlamentin buraxılması məsələsi daha çox ictimai müzakirə mövzusudur:

“Əgər Mehdiyevin və ətrafındakı şəxslərin barəsində yayılan məlumatlar, xüsusilə ağır cinayət əməllərinə dair iddialar təsdiqini tapsa və bu şəxslərin parlamentdə təmsil olunduğu sübuta yetirilsə, onların cinayət məsuliyyətinə cəlb olunması məsələsi gündəmə gələ bilər. Bu halda deputatların sayında azalma baş verər və say 83-dən aşağı düşərsə, parlamentin fəaliyyəti faktiki olaraq iflic vəziyyətinə düşəcək. Belə halda onun buraxılması və yeni seçkilərin keçirilməsi zərurətə çevriləcək. Hazırkı mərhələdə isə bu ssenari hələ real görünmür. Dövlət qurumları məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Görünən odur ki, hazırda araşdırmalar və dəqiqləşdirmələr davam edir. Dövlətin rəsmi mövqeyi açıqlanandan sonra proseslərin gedişatına uyğun olaraq parlamentin buraxılması məsələsinə yenidən baxıla, yaxud bu, ümumiyyətlə, zəruri sayılmaya bilər”.


MANŞET XƏBƏRLƏRİ