Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müasir texnologiyalarla yenidən təchiz edilən internet televiziyası olan ADAU TV-nin studiosunun açılış mərasimi keçirilib.
Açılışda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ADAU TV-nin yenilənməsinin universitetin tədris, informasiya və maarifləndirmə fəaliyyətinin müasir texnologiyalar üzərində qurulmasına xidmət etdiyini qeyd edib.
Rektor qonaqlara, 2019-cu ildən fəaliyyət göstərən ADAU TV-nin gənclərin media savadlılığının artırılması, universitet həyatının işıqlandırılması və aqrar sahədə maarifləndirici materialların təqdim edilməsi istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. Televiziyanın həmçinin tələbələr üçün onlayn dərslərin təşkili ilə tədris prosesinə dəstək verdiyini və distant tədrisin inkişafına töhfə olduğunu bildirib.
O qeyd edib ki, 2025-ci ildən etibarən televiziya TİKA-nın dəstəyi ilə tam şəkildə yenidən qurulub və ən müasir texniki avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.
Daha sonra ADAU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov qonaqlara internet televiziyasının studiyası və rejissor otağının texniki imkanları barədə ətraflı məlumat verib. Bildirilib ki, yeni texniki baza çərçivəsində çəkiliş pavilyonu səsboğucu izolyasiya divar örtüyü, peşəkar işıqlandırma sistemi və yüksək keyfiyyətli səs avadanlıqları ilə təchiz olunub. Çəkilişlər 4K formatında videokameralar vasitəsilə aparılır, montaj və səs yazma prosesi isə tam avadanlıqlı post-prodaksiya otaqlarında həyata keçirilir.
Bundan əlavə, rəqəmsal fon və vizual effektlərdən istifadə imkanı yaradan xromofon (green screen) studiyası qurulub. Canlı yayımların idarə olunması üçün xüsusi proqram ilə işləyən müasir yayım sistemi tətbiq edilir ki, bu da çoxkameralı çəkiliş, paralel yayım və efir idarəetməsini yüksək səviyyədə təmin edir.
Məlumatlandırmadan sonra qonaqlar yenidən qurulan televiziya studiyasına baxış keçiriblər.