Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşıma üçün təklif etdiyi mümkün marşrutu açıqlayıb. O bildirib ki, İrəvan bu gün də tranzit daşımalarını həyata keçirməyə hazırdır.
Paşinyanın sözlərinə görə, hazırda Ermənistandan keçməklə ən real istiqamət Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutudur. Baş nazir qeyd edib ki, əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, İrəvan bu marşrutu dərhal tranzit üçün açmağa hazırdır:
"Hazırda bu, Ermənistan tərəfindən reallaşdırıla biləcək yeganə variantdır. Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik".
Xatırladaq ki, Azərbaycan öz ərazisindən Ermənistana yük daşımalarına qoyulan tranzit qadağasını ləğv edib. Bunun nəticəsində Rusiya və Qazaxıstandan Ermənistana göndərilən mallar artıq Azərbaycan ərazisindən tranzit qaydada daşınır.
Deputat Rasim Musabəyov Bakıvaxtı.az-a deyib ki, Paşinyanın təklif etdiyi yol bərbad vəziyyətdədir.
Onun sözlərinə görə, kimlərsə sadəcə yolun məsafəsini ölçərək bunun ən optimal variant olduğunu düşünürsə, yanılır:
"Gorus-Sisian yolu faktiki olaraq Sovet dövründəki kimidir. Necə varsa, elə də qalıb. Çünki o yoldan istifadə olunmurdu, orada heç bir tranzit yox idi. Məsələnin mahiyyəti odur ki, Paşinyan öz ənənəvi oyunlarını oynayır. Baş nazir çalışır ki, Türkiyə ilə sərhədlərin açılmasına nail olsun. Hazırda Azərbaycanın Paşinyanın təklif etdiyi yoldan Türkiyəyə daşınmalarına ehtiyacı yoxdur. Bizim Gürcüstan üzərindən Türkiyəyə avtomobil və dəmiryol xəttimiz mövcuddur. Hazırda dəmiryolun yük daşıma həcminin 1 milyondan 5 milyon tona çatdırılması reallaşmaq üzrədir".

Rasim Musabəyov: Belə olarsa, Paşinyanın təklifi Azərbaycan üçün səmərəli ola bilər
Müsahibimiz bildirib ki, Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə ozamanki yolu Sisian-Gorus-Laçın-Şuşa istiqaməti üzrə idi:
"İndi zəhmət çəksinlər, Şahbuzdan Sisiana, oradan Gorusa yol çəksinlər. Orada məsafə Meğridən qısadır. Belə olarsa, Paşinyanın təklifi Azərbaycan üçün səmərəli ola bilər. Bunu reallaşdırmaq çətin deyil. Şahbuzda 40-50 avtomobildən ibarət kolon formalaşar, bütün günü binoklla ərazilərimizi izləyən Avropa İttifaqının "mülki missiyası"nın müşayiəti ilə 40 dəqiqəyə Laçına çatarlar. Bunun müqabilində Azərbaycan 20 km.lik Qafan-Gorus yolunda Ermənistanın daxili daşımalarına imkan yaradar".