ABŞ dövlət katibi Marko Rubio Miami Herald-ın ABŞ-ın Venesuelaya hücuma hazırlaşdığı barədə xəbərini “saxta xəbər” kimi qiymətləndirib.
Turkustan.az xəbər verir ki, Rubio ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı paylaşımında qəzetin “ABŞ Nikolas Maduro rejiminə qarşı gərginliyi artıraraq Venesueladakı hərbi hədəfləri vurmağa hazırlaşır” başlıqlı xəbərə cavab verib.
Rubio qəzetin mənbələrinin verdiyi məlumatı rədd edərək, “Məsələdən xəbəri olduğunu iddia edən mənbələriniz sizi aldadaraq yalan xəbər yazdırıblar” deyib.
Amerikanın Miami Herald qəzeti məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazıb ki, Amerika ordusu Venesueladakı hərbi obyektlərə hücum etmək qərarına gəlib və hücumlar hər an baş verə bilər.
ABŞ prezidenti Donald Tramp Vaşinqtondan Floridaya uçarkən jurnalistlərin Venesuelaya hücum etməyi düşünüb-düşünməməsi ilə bağlı sualına “Xeyr” cavabını verib.
Aytən Yaşar/ Turkustan.az