Bir ürək dayandı, o biri döyündü: Azərbaycan tibbində möcüzə


Səhiyyə Nazirliyinin məlumatına görə, Nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olub:

“Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da, Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib. Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülüb”.

Rəşad Məmmədəliyevin atası Abbasəli Məmmədəliyev oxu.az-a açıqlamasında bildirib ki, oğlunda ürək problemi yaranandan sonra həkimə müraciət ediblər:

“Rəşadda yerimə problemi, təngnəfəslik və digər əlamətlər aşkarlanandan sonra müalicələr başlandı. Təxminən 5-6 ay əvvəl bir neçə həkimə müraciət edəndən sonra Mərkəzi Klinikada Kamran Musayevin qəbulunda olduq. Kamran Musayev əməliyyatı üzərinə götürdü və oğlum üçün donor da tapıldı. Oktyabrın 23-də gecə saat 3 radələrində əməliyyat başlanıldı, günorta 11:30-da başa çatdı. Hazırda vəziyyəti yaxşıdır, palata şəraitində həkim nəzarətində saxlanılır. Həkim nəzarəti ilə qismən hərəkət edir, özünü normal hiss edir. Hələ ki, görüşə icazə vermirlər. Telefonla qısamüddətli danışır”.

ZULFU.jpg (246 KB)

Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a bildirib ki, bu əməliyyat Azərbaycan səhiyyəsi və transplantologiyası üçün mühüm hadisədir:

“Transplantologiya dünyada nisbətən yeni və sürətlə inkişaf edən bir sahədir. Onun inkişafı tibbi şərait, kadr potensialı, qanunvericilik və mental faktorlarla bağlıdır. Azərbaycanda da bu sahə üçün hüquqi baza formalaşmağa başlayıb. Donor bankının yaradılması, beyin ölümü hallarında ailələrin razılığı kimi məsələlər hələ tam oturuşmayıb. Meyit donorundan ürək köçürülməsi çox ciddi uğurdur, çünki canlı donor tapmaq hər zaman asan olmur. Bu hadisə donor mədəniyyətinin formalaşması baxımından da mühüm addımdır”.

img_8534_1756502389.jpeg (210 KB)

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov isə deyib ki, bu əməliyyat həm tibbi, həm də mənəvi baxımdan mühüm dönüş nöqtəsidir:

“Müsəlman ölkəsi olduğumuza görə dini baxımdan bu məsələyə fərqli münasibətlər olur. Amma unutmamalıyıq ki, insan dünyasını dəyişəndən sonra onun orqanının başqa bir insanda yaşaması həm xeyirxahlıq, həm də həyat bəxş edən addımdır. Türkiyədə bu mədəniyyət formalaşıb – sürücülük vəsiqəsi alarkən insan öz orqanlarını bağışlamağa razılıq verə bilər. Ümid edirəm ki, Azərbaycanda da belə bir anlayış formalaşar”.

2023-cü ildə qüvvəyə minmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanuna əsasən, meyit donorundan orqan götürülməsi yalnız beyin ölümü diaqnozu tibbi komissiya tərəfindən təsdiqləndikdən və ailə razılığı alındıqdan sonra mümkündür.

Qanuna görə, “donor orqan bankı” yaradılmalı, həmçinin vətəndaşların iradəsini əvvəlcədən bəyan edə bilməsi üçün “donor reyestri” formalaşdırılmalıdır. Hələlik bu sistem tam tətbiq edilməyib, amma Səhiyyə Nazirliyinin nəzdində Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb.

Eyni zamanda qanun orqan satışı, transplantasiya məqsədilə insan alveri və ya zorla orqan götürülməsini ağır cinayət kimi müəyyən edir. Qanunsuz transplantasiyaya görə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Hazırda Azərbaycanda əsasən böyrək və qaraciyər transplantasiyaları həyata keçirilir. Lakin həkimlərin sözlərinə görə, donor tapmaq çətinliyi bu sahənin inkişafını ləngidir. Beyin ölümü hallarının qeydiyyatı, ailələrin maarifləndirilməsi və dini stereotiplərin aradan qaldırılması bu istiqamətdə əsas maneələr sayılır.

Meyit donorundan ilk ürək köçürülməsi əməliyyatı həm də bu çətinliklərin aradan qalxması istiqamətində tarixi dönüş hesab olunur. Mütəxəssislərin fikrincə, bu hadisə cəmiyyətdə donor mədəniyyətinin formalaşmasına, eləcə də gələcəkdə donor bankının tam fəaliyyətə başlamasına stimul verəcək.

Qeyd edək ki, Yeni Klinikanın direktoru Barat Yusubov bütün orqanlarını bağışlayıb. O, həyatının ən önəmli qərarını verdiyini bildirib.

“Bu gün bəlkə də həyatımın ən önəmli qərarını verdim - bütün orqanlarımı bağışladım. İnanılmaz sevincliyəm, çünki ölümümlə kimlərəsə həyat bəxş edəcəm”, - deyə Barat Yusubov qeyd edib.

Hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir.

Bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib. Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

Qurumdan verilən məlumata görə, 2025-ci ilin ilk 6 ayında ölkədə 174 transplantasiya əməliyyatı aparılıb. Bunlardan 47-si böyrək, 30-u qaraciyər, 16-sı sümük iliyi, 81-i isə buynuz qişa transplantasiyasıdır. 21 əməliyyat uşaqlarda, 153-ü böyüklərdə həyata keçirilib. Müraciət edənlərin sayında ciddi artım müşahidə olunur.

Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.


MANŞET XƏBƏRLƏRİ