İnsan beyni üçün çip HAZIRLANDI


Çin alimləri insan beyninin üçölçülü modelini cəmi 10 millisaniyədən az müddətdə yarada bilən yeni memristor çipi hazırlayıblar.

Turkustan.az xəbər verir ki, Pekin Universiteti və Çin Elmlər Akademiyasının Şanxay Mikrosistemlər və İnformasiya Texnologiyaları İnstitutunun birgə hazırladığı çiplə bağlı araşdırma "Science" jurnalında dərc olunub.

Mütəxəssislərin bildirdiyinə görə, süni intellekt sistemləri fiziki modelləşdirmə, tibbi görüntüləmə və beynin üçölçülü rekonstruksiyası kimi sahələrdə geniş istifadə olunur. Lakin ənənəvi kompüterlərdə yaddaş və prosessor arasında məlumatların davamlı ötürülməsi hesablamaları ləngidir və enerji sərfiyyatını artırır.

Yeni hazırlanmış memristor çipi isə əsas hesablamaları məlumatların saxlandığı yerdə həyata keçirdiyi üçün bu problemi aradan qaldırır. Nəticədə beyin modelinin qurulması daha sürətli və daha az enerji sərf etməklə mümkün olur.

40 nanometrlik texnologiya ilə istehsal olunan çip 50 MHz tezliyində işləyir. Sınaqlar göstərib ki, o, neyron dinamikasının hesablanmasında müasir ASIC prosessorlarından 3,82–36,27 dəfə daha sürətli işləyir və 11,75–24,73 dəfə az enerji sərf edir.

Beyin qabığının səthinin yenidən qurulmasında isə NVIDIA A100 qrafik prosessoru ilə müqayisədə 478 dəfəyədək yüksək sürət nümayiş etdirib. Araşdırma zamanı çip beynin ağ və boz maddəsi arasındakı sərhədləri yüksək dəqiqliklə modelləşdirib, mürəkkəb beyin qıvrımlarını qoruyaraq üçölçülü səth modeli yaradıb.

Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə beyin-kompüter interfeyslərinin inkişafında, rəqəmsal beyin əkizlərinin hazırlanmasında, əməliyyatlar zamanı real vaxt rejimində naviqasiya sistemlərində, həmçinin Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin tədqiqində mühüm rol oynaya bilər. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ