Netanyahu: Trampla İran məsələsində tam razılığa gəldik


ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Vaşinqtona səfər edən İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüş keçirib.

Turkustan.az xəbər verir ki, tərəflər əsasən İranla bağlı məsələləri müzakirə ediblər.

Netanyahu ABŞ-a respublikaçı senator Lindsi Qrehemin dəfn mərasimində iştirak etmək üçün səfər edib.

Ağ Evin mətbuat katibi Karolin Livitt X sosial şəbəkəsində paylaşdığı açıqlamada Trampın həm Netanyahu, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlərin "məhsuldar və müsbət" olduğunu bildirib.

Tramp və Netanyahu arasında görüş qapalı formatda baş tutub.

İsrail Baş nazirinin Ofisinin yaydığı fotolara əsasən, görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliff və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak ediblər.

Görüşdən sonra videomüraciətlə çıxış edən Netanyahu Donald Trampla keçirdiyi görüşü "indiyədək ən yaxşı görüşlərdən biri" adlandırıb.

"Bu görüş tam əməkdaşlıq, qarşılıqlı dəstək və ortaq məqsədlərimiz, ilk növbədə isə İranın nüvə silahına sahib olmamasının təmin edilməsi məsələsində tam razılıq şəraitində keçdi", – deyə Netanyahu bildirib.

İsrail Baş naziri əlavə edib ki, görüş İsrailin təhlükəsizliyi və gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərin əlaqələndirilməsi üçün vacib imkan yaradıb.

Adı açıqlanmayan yüksək vəzifəli İsrail rəsmisi isə Yedioth Ahronot qəzetinə bildirib ki, Ağ Evdə keçirilən görüşün əsas gündəm mövzusu İran olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ