Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri açıqlanıb.
Müsabiqənin nəticələrinə əsasən, Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi dünyanın ən nüfuzlu universitetləri daxildir.
Turkustan.az xəbər verir ki, xaricdə təhsil almaq imkanı qazanan gənclər arasında jurnalist övladları da var.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın qızı Ayan Camal magistratura təhsilini Dövlət Proqramı çərçivəsində İngiltərədə alacaq.
Qeyd edək ki, Ayan ADA Universitetinin bakalavriat pilləsini bitirib. O bu il Böyük Britaniyanın 5 nüfuzlu universitetindən (Şeffild, Lids, Kuin Meri, Birminqam və Bristol) qəbul dəvəti almışdı.
Onun yekun seçimi dünya reytinqli Bristol Universitetinin “Data Science” (Məlumat Elmi) ixtisası olub.
Jurnalist - Dövlət Məşğulluq Agentliyi Kommunikasiya departamentinin müdir müavini Natiq Pənahlının oğlu Ömər Pənahlı Azərbaycan dövlətinin xaricdə təhsilin maliyyələşdirilməsi üzrə Dövlət Proqramının təqaüdünü qazanıb.
Ömər Pənahlı dünya reytinq sıralamasında 32-ci yerdə qərarlaşan Edinburq Universitetinin sni intellekt və kompüter elmləri ixtisasına aldığı qəbulun maliyyə yükünü Azərbaycan dövləti öz üzərinə götürüb.
“Xəzər” FM radiosundakı “Birinci şou” verilişinin aparıcısı Teymur Əliyev də övladının təhsilini xaricdə davam etdirəcəyinə sevinir. Belə ki, Dövlət Proqramı jurnalistin böyük qızının ETH Zürich Universitetində Biologiya üzrə "Xəstəliklərin molekulyar mexanizmləri" ixtisasının magistratura təhsili üçün təqaüd ayırırb.
“Bu, sadəcə maliyyə demək deyil. Bu, etimaddır. Dövlətimizə təşəkkür”, - deyə T.Əliyev sevincini bölüşüb./modern.az