2026-cı il üzrə ali məktəblərə qəbul kampaniyasında ilk dəfə tələbə qəbulu aparacaq yeni universitet gözlənilmir. Bununla yanaşı, ali təhsil müəssisələrində yeni ixtisas proqramlarının açılması nəzərdə tutulur.
Son illərdə Qarabağ Universiteti və Azərbaycan–Türkiyə Universiteti kimi yeni ali məktəblər fəaliyyətə başlasa da, 2026-cı il qəbulunda belə bir yenilik gözlənilmir. Builki qəbulun əsas yeniliklərindən biri süni intellekt ixtisasının müstəqil proqram kimi ali məktəblərdə tədrisinə başlanmasıdır. Yeni ixtisaslar və qəbul planları ilə bağlı tam məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının IV nömrəsi dərc edildikdən sonra məlum olacaq.
Təhsil eksperti Ramin Nurəliyev bəzi ixtisaslar üzrə plan yerlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, əmək bazarının tələblərinə cavab verməyən və məzunlarının məşğulluq imkanları zəif olan ixtisasların sayı azaldılmalıdır.
Bu təklif nə dərəcədə məqbuldur?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb:
"Növbəti tədris ili üçün qəbul prosesi artıq demək olar ki, bir neçə gündən sonra start götürəcək. Bu il qəbul prosesində yeni universitetlər olmasa da, yeni ixtisaslar üzrə tələbə qəbulu həyata keçiriləcək. Bunlara sonuncu dəfə cənab Prezident tərəfindən yaradılmış Qarabağ Universiteti, eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və bir sıra digər ali təhsil müəssisələri daxildir. Həmin universitetlərdə bu ildən etibarən yeni ixtisaslar üzrə qəbul aparılacaq. Məsələn, Qarabağ Universiteti stomatologiya və bir sıra müxtəlif istiqamətlər üzrə tələbə qəbulu həyata keçirəcək. O cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də biotexnologiya, kimya və digər yeni ixtisaslar üzrə qəbul aparılacaq. Təbii ki, bunlar daha çox əmək bazarında yüksək tələbat olan ixtisas istiqamətləridir".
Mütəxəssis mövcud əmək bazarında tələbatı az olan ixtisaslar üzrə plan yerlərinin azaldılması məsələsinə toxunaraq, qeyd edib:
"Təbii ki, bu, müsbət yanaşmadır və biz illərdir bunu təklif edirik. Məsələn, bura pedaqoji ixtisaslar daxildir. Çünki əmək bazarında pedaqoji istiqamət üzrə kifayət qədər kadr mövcuddur, lakin onların əhəmiyyətli hissəsi işsizdir. Məsələn, müəllimlərin işə qəbulu imtahanlarında hər il 50–60 min müraciət qeydə alınır, lakin cəmi 4–5 min, maksimum isə təxminən 9 min vakant yer uğrunda müsabiqə aparılır. Bu baxımdan pedaqoji istiqamətlər üzrə plan yerlərinin azaldılması məqsədəuyğun hesab oluna bilər.
Eyni zamanda sosial iş, muzey işi, arxiv fondlarının qorunması, tərcümə yönümlü ixtisaslar, maşın mühəndisliyi istiqaməti və bir sıra digər ixtisaslar da var ki, həmin sahələr üzrə plan yerlərinin azaldılması daha məqsədəuyğun ola bilər. Bunun əvəzində isə əmək bazarında daha çox tələbat olan ixtisaslar üzrə plan yerlərinə üstünlük verilməlidir".
Qeyd olunan ixtisasların tamamilə ləğv olunması məsələsinə gəldikdə, mütəxəssisin ehtimalına görə, qarşıdakı illərdə bir sıra ixtisasların ləğvi ilə bağlı qərarlar qəbul edilə bilər:
"Onların əvəzində isə müasir dövrün tələblərinə cavab verən, əmək bazarının ehtiyaclarını ödəyən yeni ixtisaslar açılmalıdır.
Plan yerlərinin azaldılması, yaxud müəyyən hallarda ixtisasların ləğvi, ilk növbədə əmək bazarında tələbatın az olduğu istiqamətlər üzrə həyata keçirilməlidir. Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi statistik məlumatlar da göstərir ki, il ərzində hansı ixtisaslara daha çox, hansılara isə daha az müraciət olunur. Məhz həmin statistik göstəricilər əsas götürülərək növbəti illərdə az tələbat olan ixtisasların plan yerləri azaldılmalı, daha çox tələbat olan ixtisasların plan yerləri isə artırılmalıdır. Hesab edirəm ki, bu cür yanaşma həm ali təhsil sisteminin, həm də əmək bazarının real ehtiyaclarına daha uyğun və səmərəli yanaşma olacaq".