Azərbaycanda daha bir universitet bağlanır? - Nazirdən cavab


Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.

Turkustan.az xəbər verir ki, bu barədə Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, hazırda belə bir qərar yoxdur: "Azərbaycandakı mövcud qaydalara uyğun olaraq həm Naxçıvan Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu ali təhsil müəssisəsi kimi fəaliyyətlərini davam etdirirlər".

Qeyd edək ki, son günlər Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı, bundan sonra Muxtar Respublikada yalnız Naxçıvan Dövlət Universitetinin (NDU) fəaliyyət göstərəcəyi ilə bağlı iddialar yayılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü ildə ali təhsil ocağı müstəqil instituta çevrilib.

Universitetə ötən ilədək Azad Novruzov rəhbərlik edib. Onun Ali Məclisə deputat seçilməsindən sonra yerinə təyinat olmayıb. Universitetin 1 ildən artıqdır rektorsuz fəaliyyət göstərməsi onun ləğv ediləcəyi barədə iddiaları daha da gücləndirib.

Onu da qeyd edək ki, Naxçıvanda ötən il daha bir universitet bağlanıb. Belə ki, 2024-cü il sentyabrın 3-də özəl universitet ləğv olunduğunu elan edib./modern.az


MANŞET XƏBƏRLƏRİ