Neftin barel qiyməti 90,51 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 90,51 dollara satılır.

Turkustan.az xəbər verir ki, ötən gün 90,92 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 89,74 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 10.01-də bağlanış vaxtı ilə müqayisədə 0,86 faiz artaraq 90,51 dollara çatıb. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 85,92 dollara satılıb.

Qiymət artımında Yaxın Şərqdəki gərginliyin yaratdığı tədarük narahatlıqları təsirli olur.

Ötən həftə İsrailin Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna hücumundan sonra bölgədə gərginliyin artması qlobal neft ehtiyatlarının əksəriyyətinin yerləşdiyi Yaxın Şərqdə tədarükün daha da kəsiləcəyi ilə bağlı narahatlıqları qidalandırmaqda davam edir.

Sözügedən hücumdan sonra İranın İsrailə hücum ehtimalı müzakirə edilərkən, tərəflərin qarşılıqlı açıqlamaları bölgədə gərginliyin yüksək səviyyədə qalmasına səbəb olub.

İran lideri Ayətullah Əli Xamenei paytaxt Tehrandakı Böyük Musalla məscidində imamlıq etdiyi bayram namazı xütbəsində İsrailin sözügedən hücumunun ölkə ərazisinə hücum demək olduğunu bildirib.

İsrailin xarici işlər naziri Yisrael Katz da X platformasındakı paylaşımında İran ərazisindən İsrailə qarşı hücuma keçilərsə, cavab verəcəklərini və bu ölkəni hədəf alacaqlarını bildirib.

Dünən İsrailin baş naziri Benyamin Netanyahu heç bir ad çəkmədən Tehranı üstüörtülü hədələyib və “Kim bizə pislik etsə, biz də ona zərər verəcəyik” deyib

Digər tərəfdən, ABŞ-da mart ayında gözləntilərin üzərində olan inflyasiya məlumatlarının ardından bazarlarda ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyun ayında faiz endirimlərinə başlayacağına dair gözləntilər azalıb.

Nyu-York Fed-in prezidenti Con Uilyams yaxın perspektivdə pul siyasətinin korreksiyasına aydın ehtiyac olmadığını bildirib.

Boston Fed-in prezidenti Susan Collins də pul siyasətini yumşaltmağa başlamaq üçün lazım olan etimadı qazanmağın əvvəllər düşünüldüyündən daha uzun çəkə biləcəyini və bu il daha az faiz endiriminin tələb oluna biləcəyini ifadə edib.

Richmond Fed prezidenti Tomas Barkin, son məlumatların iqtisadiyyatda qiymət təzyiqlərinin daha geniş əsasda azaldığına inamı artırmadığını bildirdi.

Bu, ABŞ dollarının digər valyutalar qarşısında bahalaşmasına imkan versə də, nefti alıcılar üçün bahalaşdırır, neftin qiymətinin qalxmasını məhdudlaşdırır.

Bildirilir ki, Brent neftində texniki olaraq 90,95-92,48 dollar arası müqavimət, 89,42-87,89 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ