Böyük marketlərdə tez-tez qarşılaşdığımız "şok endirim", "böyük aksiya" və ya "1 alana 1 hədiyyə" kampaniyalarının pərdəarxasında satılan məhsulların son istifadə tarixinə cəmi 1-2 gün qalmış olur. Marketlər öz ziyanlarını qapatmaq üçün vaxtı keçməkdə olan ərzaqları "aksiya" adı altında vətəndaşlara kütləvi şəkildə təqdim edirlər.
Bəs qanunvericiliyə görə, son istifadə tarixi bitmək üzrə olan və ya artıq keyfiyyətini itirmiş məhsulların bu üsulla satışı hansı hüquqi məsuliyyəti yaradır? İstehlakçıların hüquqlarını və ən əsası əhalinin sağlamlığını açıq-aşkar təhlükəyə atan bu cür "endirim tələləri"nə görə market şəbəkələrini hansı qanuni cəzalar gözləyir?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, mövcud qanunvericiliyə görə, yararlılıq vaxtı keçmiş ərzaq malının satışı birmənalı şəkildə qadağandır. Hətta bir marketdən yararlılıq vaxtı keçmiş mal tapılıb, dövlət orqanları qarşısında məsələ qaldırılarsa, onları 1500 manata qədər cərimə gözləyir. Ona görə də yararlılıq vaxtı keçmiş malı müşahidə etmək o qədər də asan deyil, çünki satıcılar cərimədən çəkinirlər – bu təbiidir:
Eyyub Hüseynov: İstilik təzyiqinə düşmüş malı endirim kampaniyalarında satırlar.
"Lakin qanunvericiliyə görə, mal sonuncu yararlılıq gününə qədər satıla bilər. Bunu da qeyd edək ki, bəzi ölkələrdə, xüsusən Mərkəzi Avropa ölkələrində malın yararlılıq vaxtı az qalanda onu keçirirlər başqa bir dükanlar şəbəkəsinə. O dükanda orada ticarət edir, nisbətən ucuz qiymətə satır və əhali malı ordan alır".
E.Hüseynov qeyd edib ki, bununla belə, malın yararlılıq vaxtı keçmədən saxlanma şəraiti elə ola bilər ki, o, təhlükəli vəziyyətə düşsün.
Bəzən marketlər istilik təzyiqinə düşmüş malı endirim kampaniyalarında satırlar. Əhali ona görə diqqətli olsunlar:
"Bütün hallarda istehlakçılar bu kimi, yəni şübhəli mallarla rastlaşarlarsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm.
Lakin istənilən malı yararlılıq vaxtı gününə qədər satmaq olar. Alıcılar sadəcə olaraq prodominant (istehsal) tarixinə, son yararlılıq müddətinə fikir versinlər.
Bu başqa bir məsələ isə yararlılıq vaxtı keçmiş malın yenidən satışa döndərilməsidir. Bu isə ciddi bir məsələdir. Dəfələrlə dövlət orqanları bunu ifşa edibdir. Yəni, bu yararlılıq vaxtı keçmiş mal dükanda yığılır, o qaytarılır distribüterə, distribüter də verir istehsalçıya. İstehsalçı isə ondan sonra onun taleyini qaranlıq edir, bilinmir nə olur. Bu məsələlər hamısı gərək araşdırılsın ki, zəhərlənmələrin miqdarı azalsın".