Son dövrlər baş verən qlobal gərginlik, müharibələr, geosiyasi gərginlik, enerji qiymətlərinin artması, inflyasiya və pul siyasətindəki dəyişikliklər investorların seçimlərinə təsir göstərir. Bazarlardakı risklər vətəndaşları və investorları yığımlarını qorumaq üçün alternativ yollar axtarmağa sövq edir. Belə bir dövürdə isə qızıl yenidən diqqət mərkəzindədir.
Bəs hazırda qızıl almaq sərfəli, yoxsa risklidir?
Ekspertlər bildirir ki, qızıl tarixən böhran dövrlərində dəyərini qoruyub, amma müasir iqtisadi şərait və bazar mexanizmləri bu ənənəni dəyişə bilər. Ona görə də qızılın hazırkı mərhələdə sərfəli investisiya olub-olmaması yenidən aktuallaşıb.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında mövcud vəziyyəti şərh edib.
Akif Nəsirlinin sözlərinə görə, qızıl uzun illərdir ki, qeyri-müəyyənlik dövrlərində "təhlükəsiz liman" kimi qəbul olunur:
"İnflyasiyanın artması, valyutaların dəyər itirməsi, geosiyasi risklər və iqtisadi qeyri-sabitlik kimi amillər adətən qızılın qiymətini dəstəkləyir. Bu baxımdan hazırkı şəraitdə qızıl müəyyən dərəcədə sərmayəni qoruma vasitəsi kimi cəlbedici görünə bilər. Amma bu o demək deyil ki, qızıl həmişə qazanc gətirəcək".

Akif Nəsirli əlavə edib ki, qızılın qiyməti də bazar amillərindən asılı olaraq dəyişir və qısa müddətdə enişlər də mümkündür:
"Məsələn, faiz dərəcələrinin artması və ya dolların güclənməsi qızılın qiymətinə mənfi təsir göstərə bilər. Yəni indi qızıl almaq risksiz qərar sayılmır.
Əgər məqsəd uzunmüddətli qoruma və risklərin bölüşdürülməsidirsə, qızıl portfelin bir hissəsi kimi uyğun ola bilər. Amma bütün vəsaiti yalnız qızıla yatırmaq məsləhət görülmür. Qısa müddətdə sürətli qazanc gözləyənlər üçün isə qızıl həmişə ən uyğun seçim olmaya bilər".
Ekspert son olaraq vurğulayıb ki, qızıl hazırkı dövrdə dəyəri qorumaq üçün müəyyən üstünlüklərə malikdir, lakin gəlir əldə etmək baxımından zəmanətli və risksiz investisiya hesab edilmir.