Son vaxtlar bir çox insanın maaşı artırılıb, buna baxmayaraq ayın sonunda pulun yenə də istehlak xərclərinə çatmadığı hiss olunr.
Məhz maaş artımı kağız üzərində bu, insanların rifahının yüksəlməsi kimi görünür. Lakin gündəlik həyatda fərqli mənzərə ortaya çıxır: insanlar əvvəlkindən daha çox məvacib əldə etsə də, xərcləri azalmır, əksinə daha çox pul çatışmazlığı hiss olunur. Bunun əsas səbəbi isə iqtisadiyyatda baş verən dərin sosial-iqtisadi dəyişikliklərlə bağlıdır.
Bu vəziyyətin mərkəzində inflyasiya dayanır. İnflyasiya qiymətlərin ümumi səviyyəsinin artması deməkdir. Əgər maaş artımı inflyasiyanın tempinə uyğun gəlmirsə, real gəlir əslində dəyişmir, bəzən isə daha da azalır. Yəni insan daha çox pul qazansa belə, həmin pulla əvvəlkindən daha az məhsul ala bilir.
Məsələnin digər tərəfi isə şirkətlərin proseslərə məsuliyyətsiz yanaşması ilə bağlıdır.
“Cebheinfo.az”-ın araşdırmasına görə, pandemiya dövründən sonra istehsal və xidmət xərcləri artıb: enerji, yanacaq, logistika və xammal daha baha başa gəlir.
Şirkətlər bu xərcləri kompensasiya etmək üçün qiymətləri aşağı salmaq əvəzinə yüksək səviyyədə saxlamağa üstünlük verir. Hətta bəzi hallarda bazardakı qeyri-müəyyənlikdən istifadə edərək qiymətləri əlavə olaraq artırırlar.
Bundan əlavə, bazarda rəqabətin zəifləməsi də qiymətlərin düşməməsinə təsir edir. Əgər müəyyən sahədə az sayda iri şirkət fəaliyyət göstərirsə, onlar qiymətləri müəyyən səviyyədə “sabit” saxlayaraq aşağı düşməsinə imkan vermirlər. Bu isə istehlakçının seçim imkanlarını məhdudlaşdırır.
Digər mühüm amil insanların davranışıdır. Maaşlar artdıqca insanlar daha çox xərcləməyə başlayır. Bu isə tələbi artırır. Tələb artdıqca şirkətlər də qiymətləri yüksəldir.
Beləliklə, iqtisadiyyatda özünü gücləndirən bir proses yaranır ki, bu da inflyasiya spiralı kimi tanınır. Bu spiral zamanı maaş artımı qiymətləri, qiymətlər isə yenidən maaş tələblərini artırır.
Nəticədə, insanlar rəsmi olaraq daha çox qazansa da, həyat keyfiyyətində ciddi dəyişiklik hiss etmir. Əksinə, bəzi hallarda əvvəlkindən daha çox qənaət etməyə məcbur qalırlar. Bu da cəmiyyətdə narazılığın artmasına və iqtisadi qeyri-sabitlik hissinin güclənməsinə səbəb olur.
Mütəxəssislər hesab edir ki, bu problemin həlli üçün təkcə maaşların artırılması kifayət deyil. Eyni zamanda, bazarda real rəqabətin gücləndirilməsi, xərclərin azaldılması və inflyasiyanın nəzarətdə saxlanılması vacibdir. Əks halda maaş artımı yalnız kağız üzərində qalacaq və insanlar bunu real həyatlarında hiss etməyəcəklər.