Qızıl tələsi: Kimlər uduza bilər?


Qızıl və gümüş tarix boyu “təhlükəsiz liman” kimi qəbul olunsa da, onların dəyəri heç vaxt tam sabit olmayıb. Bu qiymətli metalların qiyməti qlobal iqtisadi vəziyyət, inflyasiya səviyyəsi, faiz dərəcələri və siyasi risklər kimi bir çox amillərin təsiri altında daim dəyişir. Xüsusilə qızıl, böhran və qeyri-müəyyənlik dövrlərində investorların diqqət mərkəzinə çevrilir və bu zaman onun qiyməti artmağa meylli olur.

Lakin “hazırda qızıl almaq qazandırırmı?” sualının cavabı birmənalı deyil. Bazarda qiymətlərin artıq yüksək olduğu dövrlərdə alış etmək qısa müddətdə itki riski yarada bilər. Digər tərəfdən, uzunmüddətli perspektivdə qızıl adətən dəyərini qoruyan aktiv kimi çıxış edir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, ümumiyyətlə, investisiya risklə bağlıdır. Yəni, “pul qoyum və həmişə qazanım” kimi bir qayda yoxdur. Ola bilər ki, investisiya etdikdən sonra bir il qazanc əldə edirsiniz, növbəti il isə zərər edirsiniz. Hətta bəzən gözlədiyinizin əksinə olaraq, investisiya etdikdən dərhal sonra qiymətlər düşməyə başlayır. Bu baxımdan, investisiya vasitəsilə gəlir əldə etmək hər zaman müəyyən riskləri özündə daşıyır:

"Qızıl və gümüşə gəldikdə isə, ilin əvvəlindən etibarən xüsusilə qızılda bahalaşma müşahidə olunub. Lakin yanvar ayının sonu - fevralın əvvəllərində bəzi beynəlxalq iqtisadi xəbərlərin, o cümlədən ABŞ-də faiz dərəcələri ilə bağlı gözləntilərin dəyişməsi fonunda qızılın qiymətində kəskin eniş baş verdi".

Xalid Kərimli: Heç kim bu sahədə tam təminat verə bilməz

Ekspertin sözlərinə görə, daha sonra, fevralın sonlarında regionda hərbi gərginlik artdıqda bazarda gözlənti ondan ibarət idi ki, qızıla tələbat artacaq və qiymətlər yüksələcək. Amma əksinə, enerji qiymətlərinin artması və dolların möhkəmlənməsi qızılın qiymətinə aşağı yönlü təzyiq göstərdi. Yəni, ənənəvi olaraq riskli dövrlərdə bahalaşan qızıl bu dəfə fərqli dinamika nümayiş etdirdi:

"Bununla belə, 2026-cı il üçün qızılın qiymətləri yenə də yüksək proqnozlaşdırılır. Amma qeyd etmək vacibdir ki, heç kim bu sahədə tam təminat verə bilməz. Çünki qızılın qiyməti yalnız iqtisadi faktorlarla deyil, həm də siyasi və hərbi hadisələr, ABŞ-də faiz siyasəti, dolların məzənnəsi kimi çoxsaylı amillərlə müəyyən olunur. Bu səbəbdən bazar şəraiti çox sürətlə dəyişə bilər".

X. Kərimli qeyd edib ki, ona görə də investisiya edərkən portfelin diversifikasiyası vacibdir. Ənənəvi yanaşmaya görə, məsələn, 100 manatlıq investisiya portfelində vəsaitin təxminən 10 faizini qızıla yönəltmək daha balanslı strategiya hesab olunur.


MANŞET XƏBƏRLƏRİ