İllərlə gözardı edilmiş köhnəlmiş su şəbəkələri, nəzarətsiz tikintilər və urbanizasiyanın sürətli gedişi Bakının alt qatlarını təhlükəli səviyyədə doldurub
Son aylarda Bakıya yağan güclü yağışlar sadəcə küçələri gölə çevirmədi – şəhərin özü, əsrlərlə yığılmış yeraltı suları ilə bir növ “bomba”ya çevrildi. Hər an partlaya biləcək bu hidrodinamik yük, binaların təməllərini sarsıdır, zirzəmiləri su basır, həyətləri gölə çevirir. Amma bu, yalnız yağışların günahı deyil. İllərlə gözardı edilmiş köhnəlmiş su şəbəkələri, nəzarətsiz tikintilər və urbanizasiyanın sürətli gedişi Bakının alt qatlarını təhlükəli səviyyədə doldurub. Bakı artıq yeraltı su böhranının qlobal ölçüyə çatdığı “süni göl”lər üzərində oturur və hər an fəlakət baş verə bilər. Mütəxəssislərin xəbərdarlığına görə, Bakının alt qatlarında illərlə yığılan gizli su böhranı artıq qlobal ölçüyə çatıb.

Səbəblər sırasında şəhərin su təsərrüfatı sistemi köhnəlməsi, nəzarətsiz tikintinin sürətlə artması, infrastruktur isə artıq çürüyub sıradan çıxmasıdır. Bakının sürətli urbanizasiyası Abşeron yarımadasının təbii hidroloji balansını tamamilə dəyişdirib. Bir vaxtlar torpaq yağış suyunu hopduraraq yeraltı su qatlarını qidalandırırdı. İndi isə şəhər beton və asfalt səthlərlə örtülüb. Parklar, həyətlər, yaşıllıq sahələri tikinti qurbanına çevrilib. Nəticədə yağış suyu torpağa hopa bilmir, küçələrdə qalır və ya köhnəlmiş kanalizasiya sisteminə axır. Bakının su təminatı uzun illərdir kənar mənbələrdən asılıdır. Şollar, Samur–Abşeron, Kür və Oğuz–Qəbələ magistral xətləri şəhərə ildə təxminən 520–550 milyon kubmetr su gətirir. Bu həcm təsəvvür edilməsi çətin olan ölçüdədir. Əgər bu su bir yerdə toplanaraq 1 metr dərinliyində göl yaratsaydı, onun sahəsi 550 kvadrat kilometr olardı. Yəni ölkənin ən böyük təbii gölü olan Sarısu səthindən 8–9 dəfə böyük ərazini əhatə edərdi. Amma bu suyun hamısı istehlakçılara çatmır. Köhnə və nasaz şəbəkələrdə suyun 30–40 faizi uçota düşmür, torpağa sızır, yeraltı su qatlarını doldurur. Son 20 ildə Abşeron yarımadasında yeraltı su səviyyəsinin yüksəlməsi məhz bu səbəbdəndir. Bu da o deməkdir ki, paytaxtın alt qatları artıq “süni göl”lərlə doludur.
Sakinlərin şikayət etdiyi ən geniş yayılmış problem zirzəmilərin su ilə dolmasıdır. Sovet dövründə tikilmiş binaların çoxunda drenaj sistemi nəzərdə tutulmayıb. Yeni tikililərdə isə bu sistem ya formal, ya da tamamilə yoxdur. Yeraltı su səviyyəsinin artması binaların təməlinə əlavə təzyiq yaradır, bəzi ərazilərdə isə geoloji sabitliyi təhlükəyə atır. Hidrogeoloqlar bildirir ki, Abşeronun su dövranı getdikcə texnogen sistemə çevrilir. Yəni yeraltı suyun bir hissəsi artıq təbii mənbələrdən yox, şəhərə gətirilən içməli sudan qidalanır. Bu paradoksal vəziyyət gələcəkdə daha ciddi risklər doğurur. Torpağın sudan doyması təməl strukturunun zəifləməsinə, sürüşmə və yeraltı infrastruktura ziyan ehtimalını dəfələrlə yüksəldir.
Paytaxt həm su qıtlığı ilə mübarizə aparır, həm də yeraltı su “bombası” üzərində oturur. Əgər köhnə şəbəkələr yenilənməzsə, kanalizasiya modernləşdirilməzsə, yağış drenaj sistemləri quraşdırılmazsa, Bakı tədricən ikiqat böhrana sürüklənəcək. Həm su çatışmazlığı, həm də alt qatlarda su basqını baş verəcək. Bu artıq təsadüfi problem deyil. Bu, Bakının alt qatlarında formalaşan geoloji və texnogen fəlakətin xəbərdarlığıdır. /Musavat.com/