İrana verilən möhlət bitir: Neft “sürətini” artırdı


Brent neftinin qiyməti beynəlxalq bazarlarda yenidən artaraq 111,29 dollar səviyyəsində ticarət olunur.

Dünən 109,77 dollarla günü bağlayan Brent gün ərzində 111,89 dollara qədər yüksəlib. Eyni zamanda, ABŞ-də istehsal olunan WTI markalı neftin bareli 115,03 dollardan satılır.

Turkustan.az xarici mediaya əsasən xəbər verir ki, qiymət artımı əsasən Yaxın Şərqdə geosiyasi gərginliyin yüksəlməsi ilə bağlı narahatlıqlarla əlaqələndirilir. ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazını açması üçün verdiyi müddətin sona yaxınlaşması bazarlarda qeyri-müəyyənliyi artırıb və bu da neft qiymətlərinə yuxarı yönlü təzyiq göstərib.

Tramp Ağ Evdə keçirdiyi son mətbuat konfransında İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirsə də, müəyyən olunmuş müddət ərzində razılaşma əldə olunmazsa, elektrik stansiyaları və körpülər də daxil olmaqla İranın mülki infrastrukturunun hədəf alına biləcəyini bir daha qeyd edib.

CNN televiziya kanalının iki təhlükəsizlik mənbəsinə istinadən yaydığı məlumata görə, İsrail ABŞ ilə İran arasında aparılan danışıqların nəticə verəcəyi ehtimalına ehtiyatla yanaşır.

Məlumatda Təl-Əvivin ABŞ administrasiyasının növbəti addımlarını gözlədiyi və danışıqlar uğursuz olacağı təqdirdə İranın enerji və infrastruktur obyektlərinə dair hədəf siyahısını təsdiqlədiyi iddia olunur.

Eyni zamanda, İsrailin Kanal 13 televiziyası ABŞ və İsrail arasında siyasi koordinasiyanın davam etdiyini, iki ölkənin hava qüvvələrinin isə İranın mülki infrastrukturuna qarşı mümkün hava zərbələri üçün birgə hazırlıq gördüyünü bildirib. Həmçinin, İsrail ordusunun hazırlıqlarının ən azı üç həftə davam edə biləcək hərbi ssenariyə uyğun aparıldığı qeyd edilir.

Məlumata görə, Tramp İran tərəfinə əvvəlcə 48 saatlıq müddət tanıyıb, daha sonra isə bu müddəti 8 aprel tarixinədək uzadıb. Texniki baxımdan Brent neftində 114,87 dollar səviyyəsi müqavimət, 106,98 dollar səviyyəsi isə dəstək kimi qiymətləndirilir. /Cebhienfo.az/


MANŞET XƏBƏRLƏRİ