Bakıda 1600 ev söküləcək - KOMPENSASİYA VERİLƏCƏK?


Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində ev tikilən kollektorun partlaması, sonda həmin evin sökülməsi, paytaxtın digər ərazilərində də mövcud olan bu problemi yenidən gündəmə gətirib.

KONKRET.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1 600-ə yaxın tikilinin mövcud olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, kollektorların üzərində və ya mühafizə zonalarında yeni tikililərin qarşısını almaq üçün hər hansı tikinti aşkarlandıqda aidiyyəti qurumlara müraciət edilir və hüquqi tədbirlərin görülməsi üçün addımlar atılır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Yeni Sabah”a açıqlamasında deyib ki, kollektor üzərindəki bütün evlər qanunsuz tikili statusundadır.

“Məlum olduğu kimi, yüksək gərginlikli elektrik xətlərinin altında, kommunal xətlərin üzərində, meşə təssərrüfatı ərazisində və bu kimi yerlərdə tikinti aparmaq qanunla qadağandır”, – ekspert vurğulayıb.

O qeyd edib ki, kollektorların üzərində inşa edilən evlər sökülərsə, vətəndaşlara kompensasiya veriləcək:

“Məsələ burasındadır ki, kollektor üzərində tikinti aparılarkən, niyə prosesə mane olunmayıb? Təbii ki, vətəndaşın belə ərazilərdə tikinti apararkən xərc çəkib. Azərbaycan sosial dövlətdir və yəqin ki, söküntülər aparılarsa, vətəndaşa kompensasiya ödəniləcək. Çünki vətəndaşın evsiz qalması və taleyin ümidinə buraxılması bizim dövlətimizin prinsip və maraqlarına uyğun deyil. Bu baxımdan düşünürəm ki, həmin vətəndaşlara mütləq kompensasiya ayrılmalıdır. Təbii ki, yekun qərarı müvafiq qurumlar verəcək. Amma indiyə qədərki yanaşmalardan çıxış edərək söyləmək olar ki, vətəndaşın çəkdiyi xərclər ödənilməlidir”.

Ekspert vurğulayıb ki, vətəndaşın kommunal xidmət xərclərini ödəməsi dolayı yolla həmin daşınmaz əmlak üzərindəki mülkiyyətini təsdiqləyir.

“Kollektorların üzərində inşa edilmiş evlərin bir çox hallarda mülkiyyət hüququ rəsmi şəkildə təsbit edilməsə belə, vətəndaş müəyyən xərc çəkibsə həmin ev ona məxsusdur. Eyni zamanda belə vətəndaşlar müəyyən müddət ərzində kommunal ödənişləri ödəyib. Vətəndaşın kommunal xidmət xərclərini ödəməsi dolayı yolla həmin daşınmaz əmlak üzərindəki mülkiyyətini təsdiqləyir. Bu baxımdan söküntü olarsa, belə vətəndaşlara kompensasiya veriləcək”.


MANŞET XƏBƏRLƏRİ