Evsizlərin ortaq dərdi: Pul azaldılıb


Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 22,3 milyon manat kredit verilib.

Mərkəzi Bankın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 milyon manat və ya 2 dəfə azdır. Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 54,5 milyon manat olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon manat və ya 14% çoxdur.

Bundan başqa, hesabat dövründə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 100 milyon manat azalaraq 100 milyon manat təşkil edib.

Eyni zamanda, fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 21,3 milyon manat səviyyəsində qalıb.

Bu vəsaitlə evi olmayan şəxslər ipoteka ilə necə ev alsın?

İqtisadçı Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, verilən kreditlərin həcminin artması, lakin dövlət büdcəsindən ayrılan vəsaitin dəyişməməsi gələcəkdə fondun maliyyə dayanıqlığı üçün müəyyən risklər yarada bilər. Onun sözlərinə görə, əgər kreditlər artmağa davam edərsə, mövcud vəsait bütün müraciətləri qarşılaya bilməyəcək və fondun öhdəliklərini vaxtında yerinə yetirməsi çətinləşəcək:

“21,3 milyon manat vəsait fondun cari fəaliyyəti üçün müəyyən qədər yetərli olsa da, artan tələbat və kreditlərin həcmi nəzərə alınarsa, əlavə maliyyələşmə olmadan bütün müraciətçilərin ehtiyaclarını qarşılamaq çətin olacaq. Bu isə xüsusilə evi olmayan insanlar üçün problem yaradır. Çünki fond vasitəsilə kredit almaq istəyənlərin sayı məhdud vəsaitlə müqayisədə daha çoxdur.

Ehtiyacı olan şəxslərin ev ala bilməsi üçün fonda əlavə maliyyə vəsaiti ayrılması vacibdir. Əgər kreditlər artmağa davam edərsə, mövcud vəsait bütün müraciətləri qarşılaya bilməyəcək.

Buna görə də dövlət və ya digər maliyyə mənbələri vasitəsilə əlavə dəstək təmin olunmalıdır. Kreditlərin prioritetləşdirilməsi, yəni daha çox ehtiyacı olan qruplara üstünlük verilməsi, həmçinin ödəniş müddətinin uzadılması və faizlərin endirilməsi daha çox insanın ev almasına imkan yarada bilər”.

İqtisadçı əlavə edib ki, alternativ mexanizmlər, məsələn, ipoteka zəmanətləri fondun yükünü yüngülləşdirə və daha geniş dəstək təmin edə bilər. İnsanların mövcud resurslar barədə məlumatlandırılması da müraciətlərin daha planlı və effektiv olmasına kömək edir.


MANŞET XƏBƏRLƏRİ