Müharibə ilə əlaqəli olaraq İranın bəzi vilayətlərində və böyük şəhərlərində kartof bahalaşıb.
Bu səbəbdən İranın Kənd Təsərrüfatı Nazirliyi ehtiyatdan kartofun vilayət bazarlarına göndərilməsinə göstəriş verib.
Eyni zamanda, xarici ölkələrə kartof ixracı müvəqqəti dayandırılıb. Nəzərə alaq ki, Azərbaycan bazarına da İrandan kartof idxal olunur.
Bəs İran hökumətinin bu qərarı ölkəmizdə kartofun qiymətinə necə təsir edəcək?
Məsələ ilə bağlı “Meyvəli” ticarət mərkəzində kartofun topdansatışı ilə məşğul olan Elçin adlı iş adamı Bizim.Media-ya bildirib ki, kartofun qiymətində artıq bahalaşma baş verib:
“Əgər ötən həftə kartofun bir kiloqramının topdansatış qiyməti 80 qəpik idisə, hazırda 1 manat 5 qəpikdir. Bu da ən azı 25 faiz bahalaşma deməkdir. Bunun da səbəbi İran hökumətinin verdiyi qərardır. Nəzərə alaq ki, Azərbaycana Pakistan kartofu da İran üzərindən gətirilirdi. Artıq məlum qərardan sonra Pakistandan da kartof gətirmək problemdir.
Ümid yalnız Türkiyəyədir. Artıq Türkiyədən ilk kartof TIR-ımız bazamıza çatıb. Amma qiymət xeyli fərqlidir. Türkiyədən bura gətirilən kartofun bir kiloqramının maya dəyəri 95 qəpikdir. Biz də bu qiymətin üzərində 10-15 qəpik qoyub satacağıq. O zaman pərakəndə məntəqələrində kartofun qiyməti ən azı 1,4-1,5 manat olacaq.
Hələlik qiymət artımı tam formalaşmayıb. Çünki bəzi sahibkarların anbarlarında əvvəldən gətirdikləri kartof var. Həmin ehtiyat tükəndikdən sonra və bazara digər ölkələrdən yeni kartof partiyası gətiriləndə qiymətlər xeyli baha olacaq”.