ABŞ prezidenti Donald Trampın Venesueladan Nikolas Maduronu oğurladaraq Nyu-York məhkəməsinə təslim etdirməsi dünya neft bazarı üçün böyük təsirə malik addımlardan biri kimi qiymətləndirilir. Neft bazarının aqibətinin bu il, 2025-ci ildən daha pis olacağına dair fikirlər səsləndirilir.
Dünyada baş verən son hadisələrdən sonra Azərbaycan nefti üçün hansı risklər gözlənilir?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bu il üçün qiymətlər keçən ilə nisbətdə aşağı olaraq proqnozlaşdırılıb:

“Hökumətin də bundan məlumatı var. Azərbaycan nefti keyfiyyətli hesab edilir. Bu il üçün qiymətlər 55-65 dollar arasında proqnozlaşdırılıb”.
X.Kərimli bildirib ki, Venesuela hadisələrinin bazara xüsusi təsiri olmayacaq: “Venesuela neft rezervlərinə görə, dünyada birinci ölkədir. Müəyyən edilmiş, qiymətləndirilən neft ehtiyatları 300 milyard bareldən çoxdur. Lakin hazırda ixrac imkanları bir milyon barelin altındadır. Maduronun qaçırılmasından sonra ehtimal olunur ki, Venesuelaya neft sənayesinə ciddi investisiyalar yatırılacaq, amma məsələlərin sakitləşməsi, yeni hakimiyyətin formalaşdırılması, neft sənayesinin inkişafı, investisiyaların cəlbi qısa zamanda baş verməyəcək. Venesuelada uzun müddət neft hasilatına ciddi investisiyalar yatırılmırdı. Venesuelanın bazara qaytarılması müddət tələb edəcək. Bu səbəbdən dünya neft qiymətlərinə təsirini 2026-cı il üçün gözləmək olmaz. Amma sonrakı illərdə indiki hasilatını artıra bilər. Daha sonra neft qiymətlərinə müəyyən qədər təsiri olacaq. Yaxın bir il ərzində isə ciddi təsir gözlənilmir”.