Qızıl bu gün altı həftənin ən yüksək səviyyəsində: Eniş mümkündürmü?


"Hazırda görünən odur ki, qiymətli metalların bahalaşması davam edə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli qızılın bahalaşmasına aydınlıq gətirərkən deyib. Ekspertin fikirincə, dolların zəifləməsi, yaxın vaxtlarda ABŞ-da faiz endirimi gözləntisi və investorların riskdən qaçaraq təhlükəsiz aktivlərə yönəlməsi qızıl və gümüşü dəstəkləyən əsas amillərdir:

"Bu şərait dəyişməsə, qısa və orta müddətdə qiymətlərin daha da artması ehtimal olunur. Bununla yanaşı, risklər də mövcuddur. Əgər FED faiz endirimlərini gecikdirsə və ya dollar yenidən güclənsə, bu bahalaşmanı zəiflədə və ya geri dönüş yarada bilər. Qiymətlər artıq yüksək səviyyədə olduğu üçün müəyyən mərhələdə satışların artması da qiymətləri müvəqqəti aşağı sala bilər”.

Ekspert ümumi mənzərəni belə izah edib:

"Hazırkı trendlər bahalaşmanı dəstəkləyir, amma hər şey dolların hərəkətindən və FED-in qərarlarından asılı olacaq”.

Qeyd edək ki, qızıl bazarı bu gün altı həftənin ən yüksək səviyyəsinə yüksəlib. Qızıl qiymətləri səhər saatlarında 0,2% artaraq 4.240,54 dollara qalxıb və 21 oktyabrdan bəri ən yüksək göstəricisini əldə edib. ABŞ-da qızılın fyuçersləri isə 0,5% artaraq 4.276,00 dollar olub.


MANŞET XƏBƏRLƏRİ