Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişikliyinə əsasən, icra icraatı çərçivəsində nağd ödənişlərin aparılması rəsmən qadağan edilib. Bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə, habelə “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara şamil olunub. Yeni qaydalara əsasən, tələb olunan icra ödənişlərinin yalnız bank hesabları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Tələbi pozan icra məmurları isə inzibati məsuliyyətə cəlb olunaraq cərimələnəcəklər.
Bəs qanunu pozanlar nə qədər cərimələnəcək?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov News24.az-a açıqlamasında bildirib ki, dəyişikliklərin əsas məqsədi icra prosesində şəffaflığı artırmaq və sui-istifadə hallarının qarşısını almaqdır:
“İcra orqanları haqqında qanunvericiliyə dəyişiklik olunub. ‘İcra haqqında’ qanuna, eyni zamanda digər normativ hüquqi aktlara da müvafiq düzəlişlər edilib. Əvvəllər icra ödənişini vətəndaş birbaşa icra məmuruna təqdim edirdi. İcra məmuru isə bu pulu alaraq borclu şəxs adından tələbkara köçürür, sonradan da bununla bağlı qəbz təqdim edirdi. Artıq bu mexanizm ləğv edilib. Vətəndaşla icra məmuru arasında nağd şəkildə pulun verilməsi yolverilməzdir”.
Ramil Süleymanov onu da əlavə edib ki, bəzi hallarda borclu şəxslər qarşı tərəfə – yəni tələbkara – əlbəəl şəkildə pul verir və bu, sənədlərlə təsdiqlənmədiyi üçün mübahisələrə səbəb olurdu. Yeni qaydalara əsasən, bu tip ödənişlər də qadağan edilir:
“Borclu vətəndaş icra sənədində göstərilən məbləği birbaşa icra şöbəsinin rəsmi hesabına köçürməlidir. Həmin vəsait yalnız bu yolla tələbkarın hesabına yönləndirilə bilər. Bu həm tərəflər arasında şəffaflıq yaradır, həm də ödənişin rəsmiləşdirilməsini təmin edir”.
Hüquqşünas qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 528-2-ci maddəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.