Türkiyə-Azərbaycan Universiteti harada yerləşməlidir?


Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” da imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

Universitet binasının Bakı şəhərində yerləşəcəyi gözlənilir. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli də media nümayəndələrinə açıqlamasında "Türkiyə-Azərbaycan Universiteti" nin binası Bakıda yerləşəcəyini söyləyib.

Dünən parlamentin iclasında deputat Fazil Mustafa universitetin Bakıdan kənarda yerləşməsini təklif edib.

“Azərbaycana bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılamsına daha çox ehtiyac var. Biz Türkiyə-Azərbaycan Universitetinin yaradılması nəzərdə tutulur, hansı ki, həmin universitetin binasının da Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox regionda tikilsin”, - o qeyd edib.

Milli Məclisin deputatı Anar İskəndərov Modern.az-a Türkiyə-Azərbyacan Universitetinin harada və necə yerləşməli olduğu ilə bağlı fikirlərini bölüşüb:

"Bu ildən Türkiyə-Azərbaycan Universiteti fəaliyyətlə başlamalıdır. Əlbəttə bu fəaliyyət üçün lazım olan birinci şərt binadır. Geniş ərazidə hər cür şəraiti olan bina lazımdır. Çox təəssüf ki, Bakıda qeyd etdiyim tələblərə cavab verən geniş ərazi yoxdur. Amma belə hesab olunur ki, bu universitet ölkənin paytaxtında fəaliyyətə başlamalıdır. Onsuzda Bakıdakı mövcud vəziyyət hamıya aydındır. Şəhər günü-gündən böyüyür, avtomobillərin sayı artır. Mövcud küçələr tələbləri ödəmir. Ona görə də əhalinin sayı ilə maşınların, küçələrin azlığı uyğunluq təşkil etmir.

Belə fikir var ki, Türkiyə-Azərbaycan Universiteti Bakıdan kənarda yaradıla bilər. Onu da qeyd etmək lazımdır ki, bəzi ali məktəblərin paytaxdan kənara çıxarılıması fikri var. Amma onu xatırlatmaq lazımdır ki, hansısa bir ali məktəbin paytaxdan çıxarılması bir günün, bir ayın işi deyil. Kənara çıxarılan ali məktəb üçün ilk növbədə bina, müəllim, digər vəsaitlər lazımdır. Bunları qısa müddətdə etmək mümkün deyil. Ancaq bu istiqamətdə fikir varsa, gələcəkdə bu işləri görmək olar".

Deputat bu prosesin qısa zamanda baş tutmasının mümkün olmadığını vurğulayıb:

"Qısa zamanda ali məktəblərin paytaxdan kənara çıxarılması mümkün olan şey deyil. Türkiyə-Azərbaycan Universitetinə bir ümid var. Bu təkcə iki dövlət arasındakı münasibətlərin səmimləşməsi, qardaş münasibətlərin inkişafı ilə bağlı deyil. Eyni zamanda bu Türkiyədə hazırda mövcud olan təhsil sahələrinin Azərbaycana gətirəcəyi uğur ilə bağlıdır. Təbii ki, bu istiqamətdə çoxlu maraqlı fikirlər var. Mən əminəm ki, təhsilin inkişafı, təhsilin uğur qazanması bir günün, bir ayın işi olmadığına görə gələcəkdə bu ali məktəb Azərbaycana uğur gətirəcək”.


MANŞET XƏBƏRLƏRİ