Ermənistanda hakimiyyətin Azərbaycanın tarixi kəndi Kərkinin qaytarmağa hazırlaşdığı barədə iddialar yenidən gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, “Qolos Armeniya” nəşrində dərc olunan məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma Tiqraneşinin geri qaytarmağa hazırlaşdığı iddia edilir.
Nəşr yazır ki, Paşinyan ərazinin Azərbaycana verilməsini mümkün qədər sakit şəkildə həyata keçirməyə və bunu Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində adi prosedur kimi təqdim etməyə çalışacaq.
İddiaya görə, Paşinyan üçün əsas məsələ yalnız kəndin Azərbaycana qaytarılması deyil, bunun Ermənistan cəmiyyətində ciddi siyasi böhrana çevrilməsinin qarşısını almaqdır. Buna görə də hakimiyyətin kənd sakinlərini mümkün köçürülməyə və kompensasiyalara razı salmağa çalışacağı bildirilir.
Bu iddiaların fonunda Paşinyanın son açıqlamaları xüsusi diqqət çəkir. Baş nazir işğaldakı kəndin Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin tərkibində olmayan yaşayış məntəqəsi kimi təqdim edib. O, Azərbaycanın keçmiş anklavlarının da Ermənistanın 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını bildirib.
Paşinyanın bu mövqeyi Ermənistan daxilində ciddi narazılıq yaradıb. Çünki söhbət sadəcə xəritədə bir neçə yüz hektarlıq sahədən getmir. Kərki Azərbaycanın Naxçıvan istiqamətində yerləşən və strateji əhəmiyyət daşıyan ərazidir. Paşinyan isə məsələni daha çox hüquqi və texniki müstəvidə təqdim edir. Onun məntiqinə əsasən, əgər müəyyən ərazilər Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə daxil deyilsə, onların statusunun delimitasiya çərçivəsində həll edilməsi normal prosesdir.

“Qolos Armeniya”dakı məqalənin ən diqqətçəkən hissələrindən biri kənd sakinlərinin gələcəyi ilə bağlıdır.
Müəllif iddia edir ki, Paşinyan hökuməti kənd sakinlərinə maliyyə kompensasiyası təklif edə bilər. Bununla da mümkün ərazi dəyişikliyinin cəmiyyət üçün yaratdığı siyasi və sosial narazılığın qarşısının alınmasına çalışılacağı bildirilir. Müəllif daha da irəli gedərək Kərkidə qanunsuz məskunlaşmış sakinlərinin bir hissəsinin yaxşı mənzil və maddi təminat müqabilində köçürülməyə razı salına biləcəyini yazır. Kənd sakinlərinin ərazidəki evlərinin gələcək taleyi ilə bağlı narahat olduqları barədə erməni mediasında materiallar yayılır. Kərki məsələsi Paşinyan hakimiyyəti üçün başqa bir səbəbdən də həssasdır. Ermənistan baş nazirinin siyasi dayaqlarından biri məhz “sülh gündəliyi”dir. Paşinyan uzun müddətdir Ermənistan cəmiyyətinə belə bir mesaj verir: Azərbaycanla münasibətlərin normallaşdırılması, sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanması Ermənistanın yeni müharibədən xilas olmasının əsas yoludur. Bu siyasətin məntiqi isə müəyyən kompromisləri də qaçılmaz edir. Kərki məsələsi həmin kompromislərin ən ağrılı nümunələrindən birinə çevrilə bilər.
Erməni ekspertlərin fikrincə, əgər Tığranəşen məsələsi Azərbaycanla razılaşma yolu ilə həll olunarsa, Paşinyan bunu “sülhün qiyməti” kimi təqdim edəcək. Əgər ərazi məsələsi hər hansı formada zorakı qarşıdurmaya çevrilərsə, bu dəfə baş nazirin “sülh gündəliyi” ciddi zərbə ala bilər. Erməni mediasında səslənən ən maraqlı tezislərdən biri də budur ki, Kərkinin itirilməsi təkcə həmin kəndin taleyi ilə məhdudlaşmaya bilər. Müəllif hesab edir ki, Ermənistanın sərhədində baş verə biləcək istənilən yeni hərbi insident Paşinyanın “müharibənin qarşısını yalnız güzəştlərlə almaq mümkündür” siyasətini sual altına sala bilər.
Əgər Paşinyan ərazinin Azərbaycana qaytarılmasına razılıq verərsə, müxalifət onu növbəti ərazi güzəştində ittiham edə bilər. Əgər proses dayandırılarsa, Bakı ilə əldə olunmuş razılaşmaların icrası və sərhədlərin delimitasiyası məsələsində yeni problemlər yarana bilər. Hazırda kəndin razılaşmanın əldə edildiyini demək mümkün deyil. Paşinyan özü də məsələ üzrə praktiki razılaşmanın olmadığını bildirib. Görünən odur ki, Paşinyan hakimiyyəti Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi prosesində ən ağrılı məsələlərdən biri olan Kərkinin problemini də masada saxlamağa məcburdur...
/Musavat.com