Xameneinin müşavirindən ABŞ-a xəbərdarlıq: “Yeni cəbhə açılacaq”


İran lideri Müctəba Xameneinin hərbi müşaviri Rəhim Səfəvi ABŞ-ın İrana qarşı yeni müharibəyə başlaması halında Tehran tərəfindən yeni cəbhənin açılacağını bildirib.

Turkustan.az xəbər verir ki, Səfəvi müharibə zamanı ABŞ-ın bölgədəki bazalarının hədəf alındığını iddia edib və Pentaqonun regiona yenidən qayıda bilməyəcəyini deyib.

Səfəvi İranın mümkün hücumlara qarşı hazırlığı barədə danışarkən Çabahar-Astara və Rəşt dəhlizləri ilə Şərq-Qərb dəhlizinin yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirib. Onun sözlərinə görə, bu layihələrin həyata keçirilməsi İranın strateji əhəmiyyətini daha da artıracaq.

İran rəsmisi Bab əl-Məndəb boğazının Hörmüz boğazının “ağıllı idarəçiliyinə” əlavə edilməsinin mümkün müharibənin gedişinə təsir göstərə biləcəyini söyləyib.

“Amerikalılar başqa bir müharibəyə başlasalar, onlara qarşı yeni cəbhə açılacaq”, - Səfəvi bildirib.

İran Əmək Xəbər Agentliyinin (ILNA) məlumatına görə, Səfəvi fevralın 28-də başlayan müharibə zamanı İranın mülki əraziləri hədəf almadığını iddia edib. O, İran qüvvələrinin yalnız bölgədəki ABŞ bazalarına zərbələr endirdiyini və ABŞ-ın regiona qayıda bilməyəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ