Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüst Türkiyə ilə bölgəsi arasındakı sıx iqtisadi və sosial əlaqələrdən danışıb.
Turkustan.az xəbər verir ki, Vüst Türkiyənin NATO-da güclü tərəfdaş olduğunu və bunun Almaniya üçün yeni imkanlar yaratdığını bildirib.
Almaniyanın növbəti federal kansleri vəzifəsinə namizəd və Xristian Demokrat Birliyinin (CDU) üzvü olan Vüst Berlində türk jurnalistlərlə görüşündə 60 nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə səfərinin əhəmiyyətini vurğulayıb. O, səfərin iqtisadi və siyasi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu qeyd edib.
“Qlobal miqyasda Şimali Reyn-Vestfaliya qədər Türkiyə ilə bu qədər sıx iqtisadi və sosial əlaqələri olan başqa bir yer yoxdur. Şimali Reyn-Vestfaliyada 1,5 milyon türk əsilli insan yaşayır. Biz bu güclü əlaqənin yaratdığı xəzinəni qorumaq və qarşılıqlı fayda üçün daha da inkişaf etdirmək istəyirik”, - Vüst deyib.
Vüst 65 il əvvəl Türkiyə ilə yanaşı, İtaliya, İspaniya, Portuqaliya və Polşadan da işçi qüvvəsinin Almaniyaya dəvət edildiyini xatırladıb. O bildirib ki, Şimali Reyn-Vestfaliyanın 200 illik sənaye tarixinin formalaşmasında dünyanın müxtəlif ölkələrindən gələn insanların mühüm rolu olub.
Aytən Yaşar/ Turkustan.az