Azərbaycana düşmən olanı Bakıya kim gətirir?


İlk olaraq qeyd edim ki, Nassim Nikolas Taleb Livanda xristian ailəsində anadan olub. Lakin o, öz çıxışlarında və yazılarında ana tərəfdən nənəsinin erməni mənşəli olduğunu dəfələrlə qeyd edib. O, sosial şəbəkələrdə Ermənistanı və erməni icmasını kəskin şəkildə dəstəkləyən şərhlər yazıb və yazmaqda da davam edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında tarixçi Zaur Əliyev Nyu York Universitetinin professoru və “Qara qu” kitabının müəllifi Nassim Talebin Azərbaycanda mühazirə oxumaqdan imtina etməsi barədə danışarkən deyib.

“Çünki onun qanında ermənilik var. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə Türkiyə və Azərbaycana qarşı sərt bəyanatlar vermiş, erməni tərəfinin mövqeyini müdafiə etmişdi.

Mənə maraqlıdır ki, bunu dəvət edənlər onun etnik kimliyini və Azərbaycana qarşı mövqeyini bilmirdilər? Hələ fikir verin, Talebin imtinasından sonra təşkilatçılar ona təklif olunan qonorarı artırıblar. Yenə də o, dediyinin üstündə durub. Bu, erməni qanı daşıyanın mövqeyi, bir də ona yalvaran bizimkilər. Adam utanır bunu oxuyanda.

Onun “Qara qu” kitabını Azərbaycanda nəşr edənlər bilmirdilər o kimdir? Ədəbiyyat filan boş şeydir, dünyada yüzlərlə yazıçı var, Azərbaycan əleyhinə çıxışlar edəni niyə tərcümə eləsinlər axı? Bu sualı naşirlərə, onun kitablarını satan şirkətlərə vermək lazımdır. Məgər 44 günlük müharibə dövründə bunun statuslarını oxumurdular?”, - tarixçi bildirib.

Zaur Əliyevin sözlərinə görə, Nassim Taleb ona şərh yazan azərbaycanlıları X və digər sosial şəbəkələrdə bloklayır:

“O adam Azərbaycandan olan şəxslərə söz haqqı verməyəndir. Niyə onu bura gətirməkdə belə maraqlı olublar, kimlər bunun arxasında durur? Azərbaycanlı istifadəçilər, tədqiqatçılar və hətta xaricdə yaşayan ziyalılar ona tarixi faktlar, xəritələr və BMT qətnamələri ilə cavab verməyə çalışdıqda, Taleb onları arqumentlərlə deyil, "bot", "türk trollu", "tarixi saxtalaşdıranlar" adlandıraraq kütləvi şəkildə blokladı.

Sosial mediada erməni tarixi, dili və mədəniyyəti haqqında tez-tez paylaşımlar edənin Azərbaycanda nə işi var? Kimə lazımdır onun mühazirələri? Guya bunu etməklə onun mövqeyini dəyişəcəkdilər?
Azərbaycanda böyük beynəlxalq forumlar, texnologiya sammitləri və ya akademik konfranslar təşkil edən dövlət və ya özəl qurumlar spiker seçərkən təkcə şəxsin elmi çəkisini deyil, ölkəyə və onun milli maraqlarına olan münasibətini də nəzərə alırlar. Bunun bizim milli maraqlara nə kimi dəstəyi olacaqdı?”, - o bildirib.

Qeyd edək ki, Nyu York Universitetinin professoru və “Qara qu” kitabının müəllifi Nassim Taleb Azərbaycanda mühazirə oxumaqdan imtina edib. O, Azərbaycana gəlməməsini hərbi cinayətləri sübuta yetirilmiş erməni separatçı Ruben Vardanyanın həbsi ilə əlaqələndirib.


MANŞET XƏBƏRLƏRİ