"Təhsilə yaxın, təhlükədən uzaq" layihəsi çərçivəsində konfrans keçirilib


İyulun 14-də "Ailə Dünyası Ailələrə Hüquqi Yardım" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Təhsilə yaxın, təhlükədən uzaq" layihəsi çərçivəsində Bakıda konfrans keçirib.

Tədbirdə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Mühüm Tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə xanım Ələkbərova, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Namənzadə, Elm və Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi Günay Əhmədzadə, Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Xatirə Vəliyeva, DİN-nin İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Qeyri-Hökumət Təşkilatlarının sədrləri, tələbələr və valideynlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan açan layihə rəhbəri, "Ailə Dünyası Ailələrə Hüquqi Yardım" İctimai Birliyinin sədri Gülayə Səfərova iştirakçıları salamlayaraq tədbirə qatılan qonaqlara təşəkkürünü bildirib.

O, layihənin əsas məqsədinin təhsildən yayınaraq məcburi əməyə və dilənçiliyə cəlb olunan uşaqların aşkarlanması, sosial təhlükəli vəziyyətdə olan uşaqların və ailələrinin müəyyənləşdirilməsi, onlarla profilaktik işlərin aparılması və çətin həyat şəraitində yaşayan ailələrin sosial xidmətlərə çıxışının dəstəklənməsi olduğunu vurğulayıb.

Bildirilib ki, layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı, Cəlilabad, İsmayıllı və Şamaxı rayonlarında monitorinqlər aparılıb. Monitorinqlər zamanı məktəb yaşlı uşaqların dərs saatlarında kənd təsərrüfatında, küçə ticarətində, tikinti sahələrində və digər ağır fiziki işlərdə çalışdırıldığı, bəzi hallarda isə valideynləri tərəfindən dilənçiliyə məcbur edildiyi müəyyən olunub.

Gülayə Səfərovanın sözlərinə görə, Cəlilabad rayonunda çiyələk və kartof sahələrində, tikinti obyektlərində və küçə ticarətində işləyən azyaşlı uşaqlarla rastlaşıb. Eyni zamanda şəhər mərkəzində dilənçiliyə məcbur edilən uşaqların olduğu müşahidə edilib. O bildirib ki, monitorinq zamanı çəkiliş aparıldığını görən bəzi şəxslər uşaqları ərazidən uzaqlaşdırmağa çalışıblar.

İsmayıllı rayonunda isə uşaq dilənçiliyi faktı qeydə alınmasa da, dərs saatlarında küçələrdə gəzən, bazarlarda satışla məşğul olan, tikinti sahələrində və müxtəlif xidmət sahələrində çalışan məktəb yaşlı uşaqlar aşkarlanıb. Monitorinq zamanı bəzi valideynlərin övladlarının xəstə olduğunu bildirməsinə baxmayaraq, həmin uşaqların küçələrdə işlədiyi müşahidə olunub.

Şamaxı rayonunda aparılan monitorinqlər zamanı da bazarda satışla məşğul olan, heyvandarlıq və kənd təsərrüfatı işlərinə cəlb edilən, həmçinin dərs saatlarında küçələrdə olan məktəb yaşlı uşaqlar müəyyən edilib. Bildirilib ki, bu hallar bəzi bölgələrdə uşaq əməyindən istifadə və təhsildən yayınma probleminin hələ də aktuallığını qoruduğunu göstərir.

Layihə rəhbəri qeyd edib ki, monitorinqlər zamanı toplanmış bütün materiallar və hazırlanmış geniş hesabat aidiyyəti dövlət qurumlarına təqdim ediləcək. Onun sözlərinə görə, uşaqların hüquqlarının qorunması, icbari təhsilin təmin edilməsi və uşaq əməyinin qarşısının alınması istiqamətində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və yerli icmaların birgə fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac var.

Konfrans iştirakçıları monitorinq nəticələri ətrafında müzakirələr aparıb, mövcud problemlərin həlli ilə bağlı təklif və tövsiyələrini səsləndirdilər.

Fotolar


MANŞET XƏBƏRLƏRİ