Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi olan "PDD Holdings" şirkəti əleyhinə iş qaldırıb. Agentlik şirkətin rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etməsinə dair əlamətlərin aşkarlandığını elan edib.
İqtisadçı Xalid Kərimli “Yeni Sabah”a bildirib ki, hazırda hansı rəqabət normalarının pozulduğu hələ elan olunmayıb:
“Məlumatda yalnız rəqabət qanunvericiliyinin pozulması ilə bağlı araşdırmanın aparıldığı qeyd olunur. Ancaq hansı maddələrin pozulduğu məlum deyil. Rəqabət Məcəlləsində çoxsaylı pozuntu halları nəzərdə tutulur. Ona görə də əvvəlcə hansı maddələrin pozulduğu dəqiqləşdirilməlidir”.
X.Kərimlinin sözlərinə görə, araşdırma nəticəsində pozuntu təsdiqlənərsə, agentlik qanunvericiliyin verdiyi geniş səlahiyyətlər çərçivəsində tədbirlər görə bilər:
“Pozuntu təsdiqlənərsə, fəaliyyətin məhdudlaşdırılması, eləcə də qanun pozuntusu nəticəsində əldə olunan dövriyyə əsasında böyük məbləğdə cərimələrin tətbiqi mümkündür. Amma konkret hansı tədbirin görüləcəyi müəyyən edilən pozuntunun mahiyyətindən və hansı maddələrin pozulduğundan asılı olacaq".