NATO-nun Ankarada keçirilən sammitində qəbul edilən qərara əsasən, Almaniya 2026–2027-ci illərdə Ukraynaya hərbi dəstək üçün təxminən 23 milyard avro ayıracaq.
Turkustan.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti "Ukrinform" agentliyinin NATO sammitində razılaşdırılan ümumi yardım paketində Almaniyanın payı ilə bağlı sorğusuna cavab olaraq məlumat verib.
Mətbuat xidmətinin açıqlamasında bildirilib ki, 2026 və 2027-ci illər üçün federal büdcədə Ukraynaya hərbi dəstək imkanlarının artırılması məqsədilə ümumilikdə 23 milyard avro nəzərdə tutulub. Qeyd olunub ki, bu məbləğ NATO sammitində razılaşdırılan yardım çərçivəsində Almaniyanın töhfəsini təşkil edir.
Açıqlamada həmçinin vurğulanıb ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından indiyədək Almaniya Ukraynaya təxminən 55,5 milyard avro həcmində hərbi yardım göstərib və ya göstərməyi planlaşdırıb. Bundan əlavə, ölkə mülki sahədə də 41 milyard avro dəyərində dəstək ayırıb və ya ayırmağı öhdəsinə götürüb.
Aytən Yaşar/ Turkustan.az