ABŞ və İran arasında danışıqların pozulmasından sonra beynəlxalq mətbuatda diqqətçəkən iddialar ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, ABŞ mediası Rusiyanın bu prosesə birbaşa müdaxilə edə biləcəyini irəli sürüb.
ABŞ və İran arasında danışıqlar Hörmüz boğazındakı gərginlik səbəbindən pozulub. Bildirilir ki, ABŞ regiondakı blokadasını davam etdirdikdən sonra İran danışıqlardan imtina edib, ABŞ prezidenti Donald Tramp isə İranın neft infrastrukturunu hədəf ala biləcəklərini bildirib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, Moskva administrasiyası İranı dəstəkləmək üçün hərəkətə keçib. Hesabatda iddia edilir ki, Rusiya İrana kəşfiyyat məlumatları, o cümlədən Amerika hərbi gəmilərinin və hərbi personalının yerini göstərən peyk görüntüləri təqdim edir.
Avropalı rəsmilərə əsaslanan məlumata görə, Rusiyanın İrana təkcə kəşfiyyat məlumatları deyil, həm də inkişaf etmiş pilotsuz uçuş aparatları göndərməyə hazırlaşdığı iddia edilir.
Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşən Putin bildirib ki, "Rusiya İranın və regiondakı digər ölkələrin maraqları naminə hər şeyi edəcək. İran xalqının birliyi və cəsarəti sayəsində əvvəllər İsrail-Amerika təcavüzünə müqavimət göstərib və heç bir halda təslim olmayacaq. İran xalqı bütün dünyaya sübut edib ki, Amerika təcavüzünə qarşı uğurla mübarizə aparıb. İran hər şeyə müqavimət göstərib və göstərməyə davam edəcək".
Aytən Yaşar/ Turkustan.az