Mingəçevir Dövlət Universiteti ilə “Aselsan Bakı” MMC arasında yüksək texnologiyalar və innovasiya sahəsində əməkdaşlığın yeni mərhələsi formalaşır. Tərəflər arasında keçirilən görüşdə universitet–sənaye inteqrasiyasının gücləndirilməsi, birgə elmi-tədqiqat və tətbiqi layihələrin həyata keçirilməsi istiqamətində geniş razılaşmalar əldə olunub.
Görüşdə telekommunikasiya laboratoriyasının yaradılması, mühəndislik və informasiya texnologiyaları ixtisasları üzrə tələbələrin istehsalat təcrübələrinin genişləndirilməsi, eləcə də sənaye əsaslı tədris modelinin tətbiqi əsas müzakirə mövzularından biri olub.
Həmçinin “Aselsan Bakı” MMC nümayəndələrinin may ayında Mingəçevir Dövlət Universitetinə səfəri, tələbə və professor-müəllim heyəti ilə görüşlərin təşkili barədə razılıq əldə edilib. Əməkdaşlıq çərçivəsində mütəxəssislərin tədris prosesinə cəlb olunması və ixtisasartırma təlimlərinin təşkili də nəzərdə tutulur.
Eyni zamanda universitetdə rabitə və telekommunikasiya laboratoriyasının qurulması, kommunikasiya avadanlıqlarının tədrisdə istifadəsi və texniki xidmətin təşkili, həmçinin pilotsuz uçuş aparatları (PUA) üzrə infrastrukturun formalaşdırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Rektor Anar Eminovun təşəbbüsü ilə reallaşan bu əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin innovativ inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir və universitet–sənaye inteqrasiyasının daha da dərinləşdirilməsinə xidmət edir.



