Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Qırğızıstan QHT-ləri arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında bir çox istiqamətlərdə, xüsusilə iqtisadi, humanitar, ətraf mühit, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində vətəndaş cəmiyyəti institutlarının fəal iştirakının vacibliyini vurğulayıblar.
Deputat Azər Allahverənov qeyd edib ki, Azərbaycan ilə Qırğızıstanı ortaq tarixi, mənəvi və mədəni dəyərlər birləşdirir. O, iki ölkə arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını bildirib. Deputat həmçinin müxtəlif platformalar üzərindən QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinin, təcrübə mübadiləsinin intensivləşdirilməsinin və ortaq layihələrin həyata keçirilməsinin hər iki xalqın maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb.
Səfir Maksat Mamıtkanov isə öz növbəsində Azərbaycanla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsindən məmnunluğunu ifadə edib. O, Qırğızıstanın Azərbaycanla bütün sahələrdə – xüsusilə iqtisadiyyat, təhsil, turizm və mədəniyyət istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu, bu istiqamətlərdə vətəndaş cəmiyyəti institutlarının səylərinin artırılması üçün səylərin səfərbər edilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş zamanı Türk Dövlətləri Təşkilatı üzv ölkələrin QHT-lər Platforması müstəvisində iki ölkə vətəndaş cəmiyyəti institutları üçün əhəmiyyət kəsb edən ortaq mövzular, xüsusilə 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunacaq fəaliyyətlərdə Qırğızıstan QHT-lərinin iştirakı müzakirə olunub.
