TƏCİLİ: İran Hörmüz boğazını bağladı – Nə baş verir?


İran hərbi təlimlərin keçirilməsi ilə əlaqədar strateji əhəmiyyətə malik olan Hörmüz boğazının müvəqqəti bağlandığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, bu, İran hakimiyyətinin beynəlxalq dəniz nəqliyyatı üçün mühüm sayılan Hörmüz boğazının bağlanması barədə ilk rəsmi bəyanatı hesab olunur.

Bildirilir ki, daha əvvəl də İran Hərbi Dəniz Qüvvələri sözügedən ərazidə döyüş atışları ilə müşayiət olunan hərbi təlimlər keçirib. Lakin həmin vaxt boğazın bağlanması barədə rəsmi məlumat verilməyib.

Rəsmi açıqlamaya əsasən, qərar bölgədə planlaşdırılan hərbi manevrlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Paytaxt Tehran hələlik məhdudiyyətlərin nə qədər davam edəcəyi barədə detallı informasiya açıqlamayıb.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi əsas dəniz marşrutlarından biri hesab olunur və burada baş verən hər hansı məhdudiyyət qlobal enerji bazarlarına birbaşa təsir göstərə bilər. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ