Pensiyalar artdı, ərzaq qiymətləri dəyişdi – Kommunal xidmətlər də bahalaşacaq? - ŞƏRH


Azərbaycanda pensiyaların artırılması sosial müdafiə baxımından mühüm addım kimi qiymətləndirilsə də, paralel olaraq bazarda qiymət artımları əhalini düşündürməkdə davam edir.

Son aylarda gündəlik tələbat mallarının, xüsusilə ərzaq məhsullarının bahalaşması müşahidə olunur. Eyni zamanda kommunal xidmət tariflərinin yenidən artırılması ailə büdcəsinə əlavə yük yaradıb.

Rəsmi qərarla pensiyaların yüksəldilməsi sosial rifahın yaxşılaşdırılmasına xidmət etsə də, artan xərclər fonunda bu artımın real təsiri müzakirə mövzusuna çevrilib. İqtisadçılar hesab edirlər ki, inflyasiya tempinin qorunub saxlanılması və ya sürətlənməsi halında qiymətlərdə yenidən artım ehtimalı istisna deyil.

Maraqlıdır görəsən, kommunal qiymətlərində də artım gözlənilirmi? Turkustan.az olaraq bu sualı iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq.

Geosiyasi dəyişikliklər ticarət dövriyyəmizə birbaşa təsir edib

Günay Hüseynova

Pensiyaların artırılmasından əvvəl kommunal xidmət haqlarında artıq bahalaşma baş verdiyi üçün yaxın müddətdə bu sahədə yenidən qiymət artımı gözlənilmir. Hazırkı mərhələdə tarif siyasətində sabitliyin qorunacağı ehtimal olunur. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinə gəldikdə isə, bazarda müəyyən qədər süni bahalaşma halları müşahidə edilir.

Bu artım daha çox market və bazar vitrinlərində, xüsusilə də gündəlik tələbat mallarında hiss olunur. Qiymətlərin formalaşmasında həm mövsümi faktorlar, həm də psixoloji amillər rol oynayır.

Qarşıdan Novruz və Ramazan bayramlarının gəlməsi isə bazarda ənənəvi olaraq müəyyən canlanma yaradır. Təcrübə göstərir ki, hər bayram ərəfəsində tələbin artması fonunda bəzi məhsullar üzrə cüzi qiymət artımı qeydə alınır. Xüsusilə şirniyyat, ət, quru meyvə və bayram süfrəsinə aid məhsullarda bahalaşma daha çox nəzərə çarpır.

Lakin bayramdan sonra bazarda nisbətən sabitləşmə prosesi başlaya bilər. Yeni mövsüm məhsullarının yetişməsi ilə əlaqədar olaraq bəzi meyvə və tərəvəzlərin qiymətində ucuzlaşma gözlənilir. Təklifin artması qiymətlərin tənzimlənməsinə təsir göstərə və bazarda nisbi tarazlıq yarada bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ