ABŞ ordusu Şərqi Sakit okean və Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən qayıqlara qarşı növbəti əməliyyat həyata keçirib.
Turkustan.az xəbər verir ki, SOUTHCOM tərəfindən sosial şəbəkə hesabında yayılan məlumatda bildirilir ki, qurumun komandanı general Francis L. Donovanın əmri ilə Şərqi Sakit okean və Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən üç qayığa zərbələr endirilib.
Açıqlamada qeyd olunur ki, kəşfiyyat məlumatları qayıqların regionda məlum narkotik marşrutları üzrə hərəkət etdiyini və qaçaqmalçılıq fəaliyyətində iştirak etdiyini təsdiqləyib. Hücum nəticəsində Şərqi Sakit okeanda iki qayıqda olan 8 nəfər, Karib dənizində isə üçüncü qayıqda olan 3 nəfər olmaqla, ümumilikdə 11 nəfər öldürülüb.
ABŞ ordusunun Karib və Sakit okean hövzələrində həyata keçirdiyi bu cür əməliyyatlar beynəlxalq səviyyədə müzakirələrə səbəb olub. Bəzi hüquq müdafiəçiləri və ekspertlər hadisəni “məhkəmədənkənar qətl” kimi qiymətləndirərək məsələ ilə bağlı hüquqi və etik suallar qaldırırlar.
Aytən Yaşar/ Turkustan.az