Azərbaycan bazarında satılan qızıl məmulatlarının keyfiyyətinin aşağı olduğu iddia olunur.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məsələyə bir neçə tərəfdən baxmaq lazımdır:

“Qızılın özü kimyəvi elementdir və onun təbii xüsusiyyəti dəyişmir. Ancaq satılan zinət əşyaları adətən xalis qızıl olmur. Məsələn, 585 və ya 750 əyarlı qızıllarda müəyyən faizdə mis, gümüş və ya digər metallar qarışdırılır. Bu, həm möhkəmliyi artırmaq, həm də rəng çalarları yaratmaq üçün edilir. Qatqı normadan artıqdırsa və ya əyar düzgün göstərilməyibsə, bu artıq keyfiyyət problemi və ya saxtakarlıq sayılır”.
A.Nəsirli qeyd edib ki, qızılın dünya bazarında qiyməti daim dəyişir: “Məsələn, London Bullion Market Association kimi qurumların müəyyən etdiyi beynəlxalq qiymətlər gündəlik olaraq dəyişir. Yerli bazarda isə buna əlavə olaraq işçilik haqqı, icarə, vergi və satıcının qazancı da qiymətə təsir edir. Ona görə də alarkən baha, satarkən isə daha ucuz qiymət təklif olunması normal bazar mexanizmidir. Rəng dəyişməsi isə bir neçə səbəbdən ola bilər. Məmulatın əyarı aşağıdırsa və tərkibində mis çoxdursa, zamanla oksidləşmə nəticəsində tündləşmə ola bilər. Həmçinin ətir, krem, xlorlu su və digər kimyəvi maddələr də səthin rəngini dəyişə bilər. Bu, hər zaman “saxta qızıl” demək deyil, amma keyfiyyətli məhsulda bu hallar daha az müşahidə olunur. Ən doğru yol etibarlı mağazalardan alış etmək, məhsulun əyar möhürünü yoxlamaq və mümkündürsə, laborator analiz sertifikatı tələb etməkdir. Qızılın keyfiyyəti ümumilikdə pisləşməyib, sadəcə bazarda həm keyfiyyətli, həm də keyfiyyətsiz məhsullar var və seçim edərkən diqqətli olmaq lazımdır”.