Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinə məxsus üç gəminin Somali sahilləri istiqamətində yerləşdirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Bildirilib ki, “TCG Sancaktar”, “TCG Gökova” və “TCG Bafra” Ədən körfəzi, Somali sahilləri və Ərəbistan dənizi akvatoriyasında fəaliyyət göstərir.
Nazirliyin məlumatına görə, gəmilərin əsas missiyası Somalidə yerləşən Türkiyə xüsusi təyinatlı qüvvələrinə logistika dəstəyi vermək, dəniz yolu ilə humanitar və hərbi yüklərin təhlükəsiz çatdırılmasını təmin etməkdir. Eyni zamanda, bölgədə enerji sahəsində aparılan işlərə dəstək məqsədilə fəaliyyət göstərilir.
Açıqlamada qeyd olunur ki, hərbi dəniz qüvvələrinin bölgədə mövcudluğu dəniz təhlükəsizliyinin təmin olunmasına, mümkün risklərin qarşısının alınmasına və Türkiyənin Somalidəki əməkdaşlıq çərçivəsində öhdəliklərinin icrasına xidmət edir.
Qeyd edək ki, Türkiyə son illər Somalidə təhlükəsizlik, humanitar yardım və infrastruktur layihələri istiqamətində fəal iştirak edir və hərbi-dəniz komponenti bu əməkdaşlığın mühüm hissəsi hesab olunur. /Globalinfo.az/